Şeyxülislam Allahşükür Paşazadə Patriarx Kirillin 70 illik yubileyi çərçivəsində bir sıra görüşlər keçirib

    
 
Moskvada keçirilən tədbirlər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabr ayının 22-si, günün ilk yarısında Danilovski manastırda patriarx Kirill ilə əvvəlcə geniş tərkibli heyətlə, daha sonra isə təkbətək görüş keçirib.
Görüşü patriarx Kirill açıb. O, A.Paşazadəyə yubiley tədbirlərində iştirak etmək üçün Moskvaya təşrif buyurduğuna görə öz səmimi təşəkkürünü bildirib və qeyd edib ki, onu Şeyxülislamla uzun illərdən bəri mövcud olan dərin qarşılıqlı ehtiram bağlayır. Dünyada son illər baş verən, dünya ictimaiyyətini narahat edən hadisələrdən, xüsusilə də Yaxın Şərqdə dinindən asılı olmayaraq günahsız qanların axıdılmasından bəhs edərək Patriarx Kirill Şeyxülislam Allahşükür Paşazadə ilə bir çox məsələlərdə həmrəy olduqlarını, eyni mövqedən çıxış etdiklərini qeyd edib. Dağlıq Qarabağ problemini xüsusi olaraq dilə gətirən Patriarx Kirill münaqişənin sülh yolu ilə ədalətli həlli üçün vasitəçilik səylərini bundan sonra da davam etdirəcəyini deyib.
QMİ sədri Patriarx Kirilli 70 illik yubiley münasibətilə Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev və bütün Azərbaycan xalqı adından təbrik edib. Şeyxülislam həzrətləri yubiley proqramının olduqca gərgin olmasına baxmayaraq ayrıca görüş üçün vaxt ayırdığına görə Patriarx Kirillə öz təşəkkürünü bildirib və bu görüşü iki tərəf arasında mövcud olan dərin ehtiramın göstəricisi kimi qiymətləndirib. Patriarx Kirillin dünya miqyasında apardığı sülhməramlı fəaliyyəti, müxtəlif regionlarda baş verən münaqişələrin sülh yolu ilə həlli naminə böyük səylərini yüksək qiymətləndirən Şeyxülislam A.Paşazadə bu səylərə həmişə dəstək verməyə hazır olduğunu qeyd edib. O, Moskva və bütün Rusiya Patriarxının Qarabağ probleminin dini müstəviyə keçməməsi üçün xüsusi səylərini vurğulayaraq, Kirill həzrətlərinə apardığı vasitəçilik missiyasına görə təşəkkür edib və bu missiyanı davam etdirməsini xahiş edib.
Görüşdə iştirak edən Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Polad Bülbüloğlu Partiarx Kirillə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təbriknaməsini təqdim edib.
Daha sonra Patriarx Kirill ilə Şeyxülislam Allahşükür Paşazadə arasında təkbətək görüş baş tutub.
Günün ikinci yarısında davam edən yubiley tədbirləri çərçivəsində, Rusiyanın Baş naziri Dmitri Medvedevin iştirakı ilə keçən hissədə Şeyxülislam həzrətləri Azərbaycan və bütün MDB müsəlmanları adından çıxış edərək yubilyarı təbrik edib. Daha sonra cənab Medvedevin iştirakı ilə Şeyxülislam A.Paşazadə və erməni katalikosu II Qaregin arasında xoşməramlı görüş də baş tutub.
 
Yubiley tədbirləri çərçivəsində A.Paşazadənin həmçinin bütün Gürcüstanın patriarx-katolikosu II İlya ilə görüşü olub. Görüşdə Azərbaycan və Gürcüstan arasındakı dini-mənəvi əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb, gələcək inkişaf perspektivləri müzakirə olunub.
 
 
 
 
 
 
 

Oxunub : 1504