“Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda seminar öz işinə başlayıb

 
 
   Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə layihəsi əsasında təşkil edilən “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda iki həftəlik seminarın açılışı olub.
Seminar iştirakçılarına xeyir-dua verən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda indiyədək jurnalistlərlə din xadimləri arasında belə yüksək səviyyəli görüş keçirilməyib. “Əlbəttə, ayrı-ayrı jurnalistlərlə görüşlərimiz olub, ancaq bu cür geniş şəkildə görüş birinci dəfədir ki, baş tutur. Mətbuat bizim ən yaxın dayağımız olmalıdır, biz sizə güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik. Bu seminarın da məqsədi odur ki, həm jurnalistlərin dini bilikləri artsın, həm də din xadimləri ilə media nümayəndələri arasında qarşılıqlı münasibətlər inkişaf etdirilsin. Məqsədimiz odur ki, jurnalistlərlə din xadimləri arasında əlaqələri inkişaf etdirək və dövlətçiliyin xeyrinə işlər görək”, - deyə Şeyxülislam həzrətləri bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri jurnalistlər üçün “Şeyxülislam” mükafatının da təsis olunacağını vurğulayıb. Əlavə edib ki, bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək.
Şeyxülislam həzrətləri bildirib ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə böyük çətinliklərlə üzləşib, müharibəyə cəlb olunub: “Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlətimizin güclənməsi üçün böyük işlər görüldü, milli-mənəvi dəyərlərin qorunması yolunda mühüm addımlar atıldı. Bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Azərbaycan həm din-dövlət münasibətlərinin, həm də mətbuatın inkişafına böyük diqqətlə yanaşır. Mətbuat nümayəndələri də fəaliyyətlərini dövlətçilik prinsiplərinə uyğun qurmağı bacarmalıdırlar. Bu gün mətbuatda çalışanlar bilməlidirlər ki, jurnalistika çox şərəfli bir peşədədir. Müqəddəs Quran-Kərimdə qələmə and içilir”.   
Şeyxülislam həzrətləri bildirib ki, seminarda iştirak üçün seçilən jurnalistlərə hər cür şərait yaradılacaq, dövlət rəsmiləri, QMİ-nin səlahiyyətli şəxsləri, tanınmış teoloqlar, Azərbaycandakı digər din və konfessiyaların təmsilçiləri mühazirələr oxuyacaqlar.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, əslində din və dövlət həmişə bir yerdə olub. Azərbaycanda bütün dinlərə bərabər şəkildə dəstək göstərilib və göstərilir.
S.Novruzov qeyd edib ki, vaxtilə başqa ölkələrə demokratiya və digər adlar altında təsir göstərməyə çalışanlar indi də öz əməllərini din pərdəsi altında həyata keçirmək istəyirlər. Ona görə də jurnalistlər bu məsələdən yazarkən hər şeyi ölçüb-biçərək yazmalıdırlar, dini təbliğat məsələsində daha fəal olmalıdırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu seminar Azərbaycanın mətbuat tarixində böyük yenilikdir. Mətbuat nümayəndələri üçün ayrılıqda bir sahə üzrə kursun təşkil olunması, həmin sahəyə aid mütəxəssislərin iştirakı seminarın əhəmiyyətindən xəbər verir. Bu ideyanın müəllifi Şeyxülislam Allahşükür Paşazadədir. Layihənin məqsədi dini mövzuda yazan, eyni zamanda, dinlə əlaqədar mövzularda bu və ya digər məsələlərə aydınlıq gətirmək istəyən jurnalistlərlə bir araya gəlmək və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmaqdır.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, seminar dini məsələlərdən yazan jurnalistlərə çox böyük kömək olacaq. Bu seminar sayəsində jurnalistlərin dinlə bağlı kifayət qədər geniş təsəvvürü olacaq və onlar müəyyən biliklər əldə edəcəklər.
QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli belə tədbir və görüşlərin əhəmiyyətindən danışıb, seminar iştirakçılarına uğurlar arzulayıb.  
Xatırladaq ki, iki həftə davam edəcək seminarın sonunda iştirakçılara sertifikat veriləcək. 
 
 
 
 
 
 
 

Oxunub : 1279