Azərbaycan dini icmaların nümayəndələrinin Almaniya səfəri

 
 
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya nümayəndələrindən ibarət heyət 6-12 noyabr tarixlərində Almaniyada səfərdə olub. Sözügedən səfəri Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi və “Höte” İnstitutunun təşkilatçılığı ilə bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilib.
Səfərdən məqsəd alman xalqı və ictimaiyyətinə Azərbaycanda əsrlərdən bəri mövcud olan, eləcə də bu gün dünyanın əksər ölkələri üçün örnək sayılan multikulturalizm ideyaları və tolerantlıq mühiti barəsində məlumat vermək, həmçinin alman cəmiyyətinin sahib olduğu multikultural dəyərlərlə tanışlıq olmuşdur.
Səfər çərçivəsində ölkəmizi təmsil edən dini konfessiya nümayəndələri Berlin, Köln və Düsseldorf şəhərlərində yerləşən bir sıra dini məbədlərdə olmuş və yerli din və elm xadimlərilə görüşlər keçirmişlər.
 
Səfərdə ölkəmizi dini icmalar adından Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi, habelə rus-pravoslav, yəhudi, katolik və lüteran dini icmalarının nümayəndələri təmsil ediblər.
 
 
 
 

Oxunub : 1990