Şeyxülislam həzrətləri İspaniya Krallığına səfər edəcək.

  
 
       Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 7-də İspaniya Krallığına səfərə yola düşür. Səfər İspaniyanin Mursiya Katolik Universitetinin dəvəti əsasında həyata keçirilir.
         QMİ sədri Şeyxülislam A. Paşazadə Madrid  və Mursiyada müvafiq olaraq 8-10 noyabr tarixlərində keçiriləcək «Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi» mövzusunda konfranslarda iştirak edəcəkdir. Konfranslar Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş Multikulturalizm ili çərçivəsində Mursiya Katolik Universitetinin Kilsə-dövlət münasibətləri və İnsan hüquqları kafedrası tərəfindən təşkil olunur.
       İspaniya Krallığı Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquqi əməkdaşlıq və əlaqələr üzrə Baş direktorunun dəstəyi ilə baş tutan bu tədbirlərdə Valensiya Arxiyepiskopu Kardinal Antonio Kanizares və digər yuksək səviyyəli dövlət, hökumət nümayəndələri və din xadimləri iştirak edəcəklər.
       İspaniyada keçirilən konfranslarda Azərbaycan Respublikasının  millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov iştirak edəcəklər.
       İspaniyanın dini liderlərinə, ümumilikdə İspaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, multikultural mühitdə birgə həyat tərzinin və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə təşkil olunan bu tədbirlərdə Azərbaycanı QMİ sədri ilə bərabər ənənəvi dini konfessiya başçıları — RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.
       QMİ sədri A. Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti, multikultural həyat tərzi barədə konfranslarda məruzə edəcəkdir.
        İspaniya Krallığına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İspaniya Parlamentinin rəhbərliyi, Ədliyyə naziri, Təhsil, Mədəniyyət və İdman naziri, habelə digər tanınmış ictimai-siyasi xadimlərlə görüşləri nəzərdə tutulur.
 
QMİ-nin Mətbuat Xidməti

Oxunub : 1820