Şeyxülislam həzrətləri Fransanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirini qəbul edib.

  
 
Noyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri  xanım Orelia Buşezi qəbul edib.
Səfiri səmimi salamlayan Şeyxülislam A. Paşazadə Fransaya səfərləri zamanı ölkənin müsəlman din xadimləri görüşlərini, iştirak etdiyi beynəlxalq tədbirləri xatırladı, ölkə barədə təəssüratlarını bölüşdü. Şeyxülislam həzrətləri ölkələrimiz arasında münasibətlərin son illərdə daha da inkişaf etdiyini, bunun mədəni-mənəvi sahələri də ehtiva etdiyini bildirdi.
QMİ sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı danışdı. Dünyada gedən proseslər fonunda, dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verən faciəvi hadisələrin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi modelin əhəmiyyəti vurğulandı. Bildirildi ki, Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir, burada şiələr və sünnilər eyni məsciddə bərabər namaz qılırlar. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik vətəndaşlar dövlətin diqqətini, maddi və mənəvi qaygısını, himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Məscid, kilsə, sinaqoq və digər dini məbədlər dövlətimizin dəstəyi ilə təmir, bərpa olunur, yeniləri inşa edilir. Şeyxülislam vurğuladı ki, bu, bizim həyat tərzimizdir, dövlət rəhbərimizin vətəndaşlarımız üçün yaratdığı şəraitin bəhrəsidir.
Xanım səfir Azərbaycanda fəaliyyətə başladığı dövr ərzində ölkəmizdə müşahidə etdiyi dini tolerantlıq mühitindən, Ramazan ayında Şeyxülislamın iqamətgahında iştirak etdiyi müqəddəs İftar süfrəsindəki abı-havadan rəğbətlə söhbət açdı.
QMİ sədri Fransa səfirini Azərbaycanın dini-mənəvi həyatı ilə bağlı maraqlandıran sualları cavablandırdı.
Görüşdə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak edirdi.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olundu.
 
QMİ-nin Mətbuat Xidməti

Oxunub : 1930