Şeyxülislam həzrətləri Kralın dəvəti ilə İordaniyaya yola düşür

  
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 22-də İordaniya Haşimilər Krallığına səfərə yola düşür. Səfər İordaniya kralı Əlahəzrət II Abdullahın dəvəti əsasında baş tutur.
Kralın himayə etdiyi Al əl-Beyt İslam Fikri Akademiyasının 23-25 oktyabr tarixində Əmmanda keçirilən «Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru» mövzusuna həsr olunmuş XVII konfransında iştirak edəcək Akademiyanın həqiqi üzvü Şeyxülislam A. Paşazadə məruzə ilə çıxış edəcəkdir.        
 “Al əl-Beyt” İslam Fikri Akademiyasının dünya miqyasında İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin tədqiqi istiqamətində qiymətli araşdırmaları, habelə dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yönündə uğurlu səyləri olduqca böyük önəm kəsb edir.
Akademiyanın fəaliyyətinə verdiyi töhfələrə görə Kral Abdullah tərəfindən 2007-ci ildə İordaniyanın ali dövlət mükafatı -- I dərəcəli Kral Hüseyn ordeni ilə təltif olunmuş QMİ sədri Şeyxülislam A. Paşazadə bir qərinəlik tarixə malik bu Akademiyanın yaradıcılarından biridir.
Səfər çərçivəsində QMİ sədrinin İordaniya rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
 
QMİ-nin Mətbuat Xidməti

Oxunub : 2045