Amerikalı din xadimləri ilə görüş

 Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ABŞ-dan Azərbaycan paytaxtına gələn din xadimləri sentyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsində olublar.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Salman Musayev qonaqları səmimi salamlayaraq onlara idarənin tarixi, Azərbaycanın və regionunun dini-ictimai həyatında oynadığı mühüm rol barədə ətraflı məlumat verib.
Müfti Salman Musayev ənənəvi olaraq keçirilən Beynəlxalq Humanitar Forumu mühüm hadisə adlandırıb, belə toplantıların ölkəmizdəki tolerantlıq mühitinin dünyada təşviqi üçün böyük əhəmiyyəti olduğunu deyib.
QMİ sədrinin birinci müavini Azərbaycanda din-dövlət münasibətləri ilə bağlı həyata keçirilən tədbirlər, dindarlara yaradılan şərait barədə danışıb, bu sahədə görülən işləri yüksək dəyərləndirib. Ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qaldığını Amerikalı qonaqların diqqətinə çatdıran Müfti qeyd edib ki, erməni silahlı birləşmələri işğal olunmuş ərazilərimizdə dini abidələri, qəbiristanlıqları məhv ediblər. Müfti Salman Musayev bütün dünyada sülhün, əmin-amanlığın bərpa olunması üçün dini liderlərin birgə səy göstərmələrinin vacib olduğunu qeyd edib, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin bu sahədə gördüyü işlərdən danışıb.
QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev amerikalı qonaqların suallarını cavablandırıb.
ABŞ-dan gələn nümayəndə heyətinin üzvləri- ABŞ Prezidenti Administrasiyasının Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini xanım Canna Skot , Korea Kilsələri İcma Birliyinin sədri xanım Haypin İm, Kral Fəhd Məscidinin Dinlərarası əlaqələr üzrə proqram direktoru Məhəmməd Xan, Los-Ancelesdəki Roma Katolik Arxiyeparxiyasının Teoloji və Ruhani məsələlər üzrə müşaviri Roberto Reuda, Centro Cristiano kilsəsinin pastoru, Yepiskop Xuan Karlos Mendez və Mission Ebenezer kilsəsinin baş pastoru Ayzak Kanales Azərbaycandakı tolerantlıq mühitini, multikulturalizmi yüksək dəyərləndirib, görülən işlərinin dünya üçün bir nümunə olduğunu xüsusi vurğulayıblar.  
Görüşdə QMİ sədrinin müavini Rəşad Əliyarlı, QMİ-nin Aparat rəhbəri Simran Həsənov iştirak ediblər.

Oxunub : 1366