Şeyxülislam həzrətləri Türkiyə səfirini qəbul edib.

 Sentyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqunu səlahiyyət müddətinin başa çatması münasibəti ilə qəbul edib.
Şeyxülislam həzrətləri ölkəmizlə Türkiyə arasında tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərinin bu gün də yüksək səviyyədə davam etdiyini diqqətə çatdırıb. QMİ sədri bildirib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan rəsmi sənədlər bütün sahələrdə əlaqələrin inkişafına şərait yaradır. Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin yeni seçilmiş Baş naziri Binəli Yıldırımın  ilk xarici səfərinə məhz Azərbaycandan başlamasını, ölkəmizdə olarkən dindarlarla birgə cümə namazında iştirak etməsini mühüm hadisə adlandırıb.
Fövqəladə və səlahiyyətli səfir kimi ölkəsini Azərbaycanda təmsil etdiyi müddətdə İsmayıl Alper Coşqunun çox işlər gördüyünü vurğulayan QMİ sədri təcrübəli diplomata minnətdarlığını bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
İsmayıl Alper Coşqun Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu, ölkəsi üçün tale yüklü sayılan məqamlarda Azərbaycanda da eyni münasibət gördüyünü bildirib. Diplomat Şeyxülislam Allahşükür Paşazadənin Türkiyədə nüfuzlu din xadimi kimi böyük hörmətə malik olduğunu qeyd edib, Bakıda çalışdığı illərdə QMİ sədrindən həmişə mənəvi dəstək aldığını bildirib, göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını çatdırıb.
Sonda Şeyxülislam həzrətləri türkiyəli diplomata xatirə hədiyyəsi təqdim edib.
Görüşdə QMİ sədrinin müavini Rəşad Əliyarlı iştirak edib.

Oxunub : 1318