Bayram namazı qılındı

 Bu gün bütün müsəlman aləmi müqəddəs Qurban bayramını qeyd edir. Azərbaycanda da bu bayram böyük təntənə ilə keçirilir. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyəsinə uyğun olaraq səhər saat 9.00-da Təzəpir məscidində yüzlərlə dindarın iştirakı ilə bayram namazı qılındı.
Dindarlar bu bayramda kəsilən qurbanların qəbulu üçün dualar etdilər, Allah-Təaladan ölkəmiz üçün əmin-amanlıq, bərəkət dilədilər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər ehtiramla yad olundu, işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi üçün dualar edildi. 
Təzəpir məscidinin axundu Hacı Mircəfər Əyyubzadə Qurban bayramı ilə əlaqədar xütbə oxudu, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin bayram təbriklərini dindarlara çatdırdı.
Azərbaycanın bütün bölgələrində, paytaxtdakı digər məscidlərdə izdihamlı bayram namazı qılındı, qurbanlar kəsildi.
Bayramınız mübarək, Allah-Təala kəsdiyiniz qurbanları qəbul etsin! 

Oxunub : 1738