İmam Rzanın (ə) mövludu Sumqayıtda qeyd edildi

 İslam aləminin böyük şəxsiyyətlərindən biri, Muhəmməd peyğəmbərin (s) övladlarından olan səkkizinci imam Əli ibn Musa Rzanın (ə) mövludu münasibəti ilə silsilə tədbirlər keçirilib. Belə mərasimlərdən biri  Sumqayıt şəhərindəki “Cümə” məscidində təşkil olunub.
Qurani-Kərimin tilavəti ilə başlanan tədbirdə Sumqayıtda fəaliyyət göstərən dini icmaların nümayəndələri, İran İslam Respublikasının Məşhəd şəhərindən gələn qonaqlar iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin Təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov toplaşanları İmam Rzanın (ə) mövludu münasibəti ilə təbrik edib, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin salamlarını mərasim iştirakçılarına yetirib. QMİ-nin şöbə müdiri Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə qurulduğunu, dini icmaların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını qeyd edib, dövlət rəhbərliyinin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan söhbət açıb.
Sonra söz Qafqaz Müsəlmanları İdarəsinin qazısı, Sumqayıt “Cümə” məscidinin axundu Hacı Rauf Sərdarova verilib. O, İmam Rzanın (ə) fəzilətləri, İslamın qüdrətlənməsi üçün gördüyü işlər barədə danışıb, qeyd edib ki, Əhli-Beyt (ə) aşiqlərinin qəlbində səkkizinci imam Rzaya (ə) böyük ehtiram var.
QMİ qazısı İmam Rzanın (ə) mövludu ilə bağlı tədbirin mühüm hadisələrlə eyni vaxtda təsadüf etdiyini bildirib: “Bu günlərdə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkəmizə rəsmi səfərə gəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Həsən Ruhani arasında tarixi görüş oldu, hər iki dövlət üçün mühüm sənədlər imzalandı. Prezident H.Ruhani QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə və din xadimləri ilə də görüşdü. Bakı-Məşhəd və Məşhəd-Bakı aviareysinin açılması da bu günlərə təsadüf etdi. İmam Rzanın (ə) məqbərəsini ziyarət etmək istəyən dindarlarımız bundan sonra daha rahat şəkildə öz istəklərini həyata keçirə biləcəklər”.
Hacı Rauf Sərdarov bu tədbirin reallaşmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib, dini icmaların fəaliyyətinə göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadəyə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova dindarlar adından təşəkkürlərini çatdırıb.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri doktor İbrahim İbrahimi mərasim iştirakçıları qarşısında çıxış edib, İmam Rzanın (ə) həyat və fəaliyyəti barədə danışıb. İbrahim İbrahimi bildirib ki, böyük fəzilət sahibi olan səkkizinci imama İslamdakı iki ənənəvi məzhəb ardıcıllarının sonsuz ehtiramı var: “Din qardaşlarımız İmam Rzanın (ə) hərəmini ziyarət edirlər. Hətta başqa dindən olan insanlar da tez-tez imamın ziyarətinə gəlib ondan şəfaət diləyirlər”.
Natiq iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb: “Prezidentimiz Həsən Ruhaninin bu günlərdə Azərbaycana gəlişi, Prezident İlham Əliyevlə görüşməsi çox mühüm hadisədir. Ölkələr arasında bağlanan müqavilələr iki qardaş dövlətin münasibətlərinə öz töhfəsini verəcək. İnşallah, bu dostluq, qardaşlıq bundan sonra daha da möhkəmlənəcək”.
Mədəniyyət Mərkəzinin rəhbəri Dağlı Qarabağ məsələsində İranın tutduğu mövqedən danışıb, Azərbaycanın haqlı tələbinin müdafiə olunduğunu diqqətə çatdırıb: “Hamımız inanırıq ki, işğal olunmuş ərazilər tezliklə azad ediləcək. Tehranda, Təbrizdə, Ərdəbildə, başqa şəhərlərdə yaşayan din qardaşlarınız bunun üçün hər gün Allah-Təalaya dualar edirlər. Qarabağın hər qarşısı müsəlman torpağıdır və bu ərazilərin azadlığı uğrunda canından keçən hər bir insan şəhid hesab olunur”.
İmam Rzanın (ə) Məşhəddəki hərəminin xadimləri adından çıxış edən Cavad Cəmşidi mərasim iştirakçılarını mövlud münasibəti ilə təbrik edib.
Sonra məddahların ifasında İmam Rzanı (ə) tərənnüm edən şeirlər, surudlar ifa olunub.   
Mərasim iştirakçıları üçün ehsan verilib. 

Oxunub : 175