QMİ-də görüşlər

 Martın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir sıra xarici qonaqları qəbul etdi.
Əvvəlcə Türkiyə Baş Nazirinin baş müşaviri, Beynəlxalq Mədəniyyətlər İttifaqı təşkilatının sədri professor Bəkir Karlığa ilə görüş keçirildi. Qonağı böyük alim, İslam dini və mədəniyyətinə önəmli töhfələr vermiş bir şəxsiyyət kimi qiymətləndirən Şeyxülislam A. Paşazadə Azərbaycan ilə Türkiyə arasında hərtərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu dilə gətirdi. O qeyd etdi ki, Ulu Öndər Heydfər Əliyevin iki dövlət, bir millət kimi adlandırdığı Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və qarşılıqlı dəstək əbədidir. Cənab Karlığa Şeyxülislam həzrətlərinə Mədəniyyət İttifaqı təşkilatının növbəti sammitinin gələn il Bakıda keçiriləcəyi barədə, həmin forumda dünyanın 127 ölkəsinin dövlət və hökümət başçıları səviyyəsində təmsil olunacağı haqqında məlumat verdi.
Daha sonra Şeyxülislam A. Paşazadə ABŞ səfiri Robert Sekutanı və Sərhədsiz Ruhanilər təşkilatının başçısı Yəhya Hendini qəbul etdi. Ölkəmizə yeni təyin olunmuş ABŞ səfiri cənab Sekuta bildirdi ki, Azərbaycan haqqında mümkün olduğu qədər çox öyrənmək arzusundadır və bu baxımdan Şeyxülislam həzrətlərinin verdiyi məlumatlar onun üçün əhəmiyyət kəsb edir. Öz növbəsində Şeyxülislam həzrətləri qeyd etdi ki, dünya dövlətləri terror və zorakılıq bəlasına qarşı səylərini nüfuzlu siyasi, elmi və dini xadimlərini birləşdirən yeni yüksək səviyyəli beynəlxalq bir təşkilat qurub həmin təşkilat vasitəsilə aparmalıdır. QMİ sədrinin sözlərinə cavab olaraq Yahya Hendi başçılıq etdiyi təşkilatın bu ideyaya tam dəstək verə biləcəyini dedi.Görüşdə dünyada terror və zorakılığın artdığı şəraitdə dini xadimlərin və siyasətçilərin rolu haqqında maraqlı diskussiya baş verdi.
Səmimi atmosferə keçən görüşlərdə QMİ sədr müavinləri S.Musayev və S.Həsənli, habelə bir sıra QMİ əməkdaşları iştirak etdilər.

Oxunub : 291