ABŞ-ın yəhudi icması QMİ-də

Noyabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki Sinay Məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyəti ilə görüşdü.
İlk olaraq Təzəpir məscid kompleksini ziyarət edən qonaqlara bu dini abidənin tarixi və bugünkü fəaliyyəti barədə məlumat verdi. Daha sonra İdarənin kitabxanasına baş çəkən nümayəndə heyətinə həmçınin, burada saxlanılan qədim əlyazmalar, nadir kitablar haqqında, son illərdə QMİ-nin keçirdiyi beynəlxalq tədbirlər barədə məlumat verildi. Yəhudi qonaqlar QMİ-yə yəhudilər üçün əziz olan şofar hədiyyə etdilər.
QMİ-nin böyük konfrans zalında davam edən geniş tərkibdə görüş maraqlı və səmimi ünsiyyət şəraitində keçdi.
Mərasimi açan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə öncə Misirdə Rusiyaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində şoxlu sayda insanın vəfatından kədərləndiyini bildirib, onların ruhlarına Uca Allahdan rəhmət dilədi. A. Paşazadə hadisədən sarsıldığını bildirərək, tədbirdə iştirak edən müsəlman, yəhudi və xristianları ayağa qalxaraq, faciə qurbanlarının xatirəsini yad etməyə, hərəni öz dini inancına uyğun dua etməyə çağırdı.
Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayan Şeyxülislam dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışdı və bildirdi ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
A. Paşazadə Azərbaycandakı bütün dini icmaların hərtərəfli qayğı və diqqətlə əhatə olunduğunu, məscidlərlə yanaşı kilsə və sinaqoqların tikilib yenidən qurulduğunu, onların bərpası üçün dövlətin maliyyə dəstəyi göstərdiyini diqqətə çatdırdı. A. Paşazadə dedi ki, Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir. O qeyd etdiki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh və sabitlik şəraitində birgə yaşayırlar: “Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədə qurulub. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra dini sahəyə xüsusi diqqət ayrıldı, dövlət vəsaiti hesabına məscidlər, sinaqoqlar, kilsələr yenidən quruldu. Bizdə müsəlmanlar, xristianlar, yəhudilər və digər səmavi dinlər arasında heç vaxt təfriqə olmayıb. Bu, dövlətin nail olduğu uğurdur”.O bildirdi ki, bu işdə özü də şəxsən, bir Şeyxülislam kimi maddi və mənəvi yardımını əsirgəməyib.
Nümayəndə heyətinin rəhbəri Devid Volpen Azərbaycanda dini sahədə vəziyyəti yüksək qiymətləndirib. O, təmsil etdiyi icmanın Azərbaycanla daha yaxşı münasibətlər qurmaq niyyətində olduğunu bildirib: “Siz tədbirdən əvvəl bizə təklikdə dediniz ki, Sizinlə dostluq etmək çətindir. Siz dostlardan çox şey gözləyirsiniz və çox şey də verə bilərsiniz. Biz yəhudilər Sizə dost olmağı təklif edirik”. Allahşükür Paşazadə bu dostluğu qəbul etdiyini bildirdi.
Görüşdə iştirak edən Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr və Dağ Yəhudiləri İcmasının rəhbəri Milih Yevdayev tolerantlıq və multikulturalizm ənənələrinin bariz nümunəsini Azərbaycandakı müxtəlif xalqların əsrlər boyu dinc, yanaşı yaşamasında gördüklərini qonaqların diqqətinə çatdırdılar.
Sinay məbədinin ravvini David Volpen, öz növbəsində, bu səmimi qarşılanmaya, görüşə görə Şeyxülislama öz təşəkkürlərini bildirdi və onu Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinin dostu adlandırdı.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olundu.
***
Rəsmi görüşdən sonra qonaqlarla söhbət onların şərəfinə Şeyxülislam tərəfindən verilən ziyafət zamanı davam etdirildi.
Ziyafətdə ABŞ-ın Azərbaycandakı səfiri cənab Robert Sekuta və Azərbaycanın Los-Anceles şəhərindəki konsulu Nəsimi Ağayev də iştirak etdilər.

Oxunub : 1883