Şeyxülislam Allahşükür Paşazadə Rusiyada keçirilən konfransda çıxış edib

Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində «XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri» mövzusunda keçirilən VIII Beynəlxalq elmi-praktik konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə burada çıxış edib. Çıxışın tam mətnini təqdim edirik:
 
Möhtərəm Baş Müfti Talqat Tacuddin!

Hörmətli tədbir iştirakçıları!
Hamınızı Azərbaycan və bütün Qafqaz müsəlmanları adından, şəxsən öz adımdan salamlayır, bütün tədbir iştirakçılarına Allahdan müvəffəqiyyət arzulayım. Böyük sevinc və fərəh hissi ilə mən konfrans iştirakçılarına, Baş Müfti Talqat Tacuddinə, habelə bütün Başqırdıstan xalqına Azərbaycan xalqının və onun başçısı Zati-Aliləri prezident İlham Əliyevin səmimi salamlarını və ən xoş diləklərini çatdırmaq istəyirəm.
Artıq neçənci dəfədir ki, Rusiyanın qədim müsəlman mərkəzlərindən biri, qardaş Başqırdıstan torpağında güncəl və mühüm məsələlərə həsr olunmuş nüfuzlu tədbir keçirilir. İslama, müsəlman mədəniyyətinə qarşı hər zaman hörmətlə yanaşan Rusiya məhz bu səbəbdən də dindarların böyük ehtiramını qazanmışdır. Çoxmillətli, çoxkonfessiyalı bir dövlət olaraq Rusiya Federasiyası ənənəvi dinlərin normal şəraitdə mövcudluğunu davam etdirib inkişaf etməsi üçün lazımi mühit yaradır. Bugünkü tədbir bunun parlaq sübutudur.
Dərin məmnunluq hissilə qeyd edim ki, MDB ölkələrinin dini liderləri olaraq biz ötən müddət ərzində postsovet məkanında yaşayan xalqlar arasındakı dialoq və əməkdaşlığın əsas prinsiplərindən geriyə addım atmadan qarşılıqlı hörmət və etibarı nəinki qoruyub saxlaya, eləcə də artıra bilmişik. Patriarx Kirill həzrətləri və mən MDB Dinlərarası Şuranın həmsədri olaraq bunu həmişə başlıca vəzifəmiz kimi görürük. Bu, eləcə də MDB dövlətlərinin bütün dini liderlərinin öncəlikli fəaliyyət istiqamətidir. Allaha şükür olsun ki, bizim əziz Talqat Tacuddinin kimi səylərini İslamın dirçəlişinə, haqq dinimizin ali dəyərlərinin təbliğ edilməsinə yönəltmiş, müdrikliyi ən yüksək qiymətə layiq olan görkəmli alim və dini xadimimiz var.
Bugün dünyanın müxtəlif regionlarında müsəlmanları ekstremist, fundamentalist kimi qələmə vermək cəhdlərinin davam etməsi bizi dərindən narahat edir. İslamın mahiyyəti qərəzli şəkildə təhrif edilir. Biz güya din uğrunda vuruşan İŞİD və ona bənzər terrorist təşkilatları, təkfirçiləri, İslamı öz üzdəniraq məqsədləri üçün alət etməyə çalışan bütün qüvvələri qətiyyətlə pisləyirik. Birmənalı deməliyəm: İŞİD müsəlman aləmini içəridən parçalamaq, Yaxın və Orta Şərqin tarixi mirasını, İslam mədəniyyətini yox etmək üçün İslam düşmənləri tərəfindən yaradılmış bir törəmədir. Bugün biz bəzi Avropa dövlətlərində öz vətənlərinin daxili işlərinə kobud müdaxilələr nəticəsində yurdlarını tərk etməyə məcbur qalan mühacirlərə qarşı nümayiş etdirilən qeyri-humanist münasibətinin şahidi oluruq.
Allah Taala Müqəddəs Qurani-Kərimdə belə buyurub:
وَتَعَاوَنُوا عَلَى البِرِّ وَالتَّقْوَى وَلاَ تَعَاوَنُوا عَلَى الإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ العِقَاب ...
«Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!…» (Əl Maidə, 2).
 
Bugün bəzi xarici və daxili qüvvələrin dini fanatizmi, ekstremizmi yaymaq cəhdlərinə, onların istilaçı planlarına, fiziki və mənəvi təcavüzlərinə qarşı durmaq, terrorçuların növbəti hədəf olaraq gördükləri məkanımızda istiqrarı sarsmağa yönəldilmiş planlarını önləyici tədbirlərlə pozmaq olduqca mühümdür.
Bu baxımdan biz Rusiyanın beynəlxalq terrorçuluğa qarşı apardığı mübarizəni, “İslam dövləti” adı altında çıxış edən, lakin öz əməlləri ilə İslam dinimizə ləkə gətirməyə, İslamı dünya ictimaiyyətinin gözündə terror, zorakılıq, vandalizmlə eyniləşdirməyə çalışan bu şər qüvvəyə qarşı atdığı addımları dəstəkləyirik. Mən əminəm ki, ekstremizmə, radikalizmə yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini müəssisələrin birgə səyləri ilə qarşı durmaq mümkündür.
Bütün bunların bizim məkanımızdakı sülhə xələl gətirməsi bizi narahat etməyə bilməz. Bununla əlaqədar mən Sovet dövlətinin dağılmasına yol açan konfliktləri, bütün postsovet məkanında millətlərarası qarşıdurmaları, o cümlədən, Qarabağ qarşıdurmasını yada salmaya bilmərəm. Biz hesab edirik ki, bizim məkanda mövcud olan bütün konfliktlər sülh yolu ilə, beynəlxalq hüquq prinsipləri və normaları əsasında həll olunmalıdır.
Həmd olsun Uca Yaradana ki, son illər ərzində MDB dövlətlərində dini xadimlərin sırasına öz müsəlman həmvətənlərini qayğılandıran müxtəlif məsələlərlə bağlı xalqlarımızın mənafelərinə cavab verən fətvalar verməyə qadir olan yüksək təhsilli xadimlər qoşulublar. Biz yad yerlərdən, xaricdən gələn fətva və möizələri qəbul etmirik. Başlıca vəzifəmiz hər bir müsəlmanın qəlbinə yol tapıb İslam dininin həqiqi dəyərlərini bərqərar etməkdən ibarətdir.
Biz hamımız Rusiya rəhbərliyinin ənənəvi dinlərə göstərdiyi dəstəyin şahidiyik. Zati-Aliləri president Putin mənəviyyatın inkişafına, Rusiyanın milli, konfessional və mədəni müxtəlifliyinə böyük qayğı ilə yanaşır, MDB məkanında dinlərarası əməkdaşlıq məsələlərinə böyük diqqət yetirir. Olduqca təqdirəlayiq haldır ki, Moskva cümə məscidinin açılış mərasimində söylədiyi nitqdə cənab Putin müsəlman dini liderlərinin millətlərarası və dinlərarası razılığın möhkəmləndirilməsində oynadıqları rolu yüksək qiymətləndirib, onların radikalizm və ekstremizmlə mübarizədəki iştiraklarının vacibliyini vurğulayıb. Zati-Alilərinin BMT-nin 70-ci Baş Assambleyasında çıxışı həqiqətən tarixi dəyərə malikdir, çünki bu çıxış bir tərəfdən əsas prioritetləri göstərib, digər tərəfdən isə bəşəriyyətin üzləşdiyi bəlaların başlıca səbəblərini açıqlayıb.
Bütün qətiyyətlə biz dini şüar və rəmzləri insanların hissləri ilə oynamaq, bu hissləri ləkələmək cəhdlərini təhqiredici hesab edirik. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin Dövlət Dumasına göndərdiyi, müqəddəs Quran və İncil daxil olmaqla dörd müqəddəs mətni, habelə həmin mətnlərdən gətirilən iqtibasları ekstremist material kimi qələmə verməyi qadağan edən qanun layihəsinin əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Bu mühüm və labüd addımı alqışlayır və hesab edirəm ki, belə bir qiymətli təşəbbüs bütün MDB məkanı üçün örnək olmalıdır.
«XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri» kimi aktual və mühüm mövzuya həsr olunmuş Konfransın keçirilməsi fikrinə tam dəstəyimi verirəm. Mən əminəm ki, bu forumda xalqlarımız üçün mühüm olan aktual məsələlər, əməkdaşlığımızın gələcək yolları müzakirə olunacaq.
Vəs-səlamu əleyküm və rəhmətullahi və bərəkətuhu!

Oxunub : 257