QMİ-də Məhərrəm ayının başlanması münasibətilə geniş tədbir keçirildi

13 oktyabr 2015-ci il tarixdə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması münasibətilə geniş tədbir keçirildi.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, İdarənin yerlərdəki səlahiyyətli nümayəndələri, Bakı İslam Universitetinin müəllim-tələbə heyətinin iştirakı ilə keçən tədbirdə Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi və bölgələrdəki nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ilk öncə İdarənin ağsaqqalı — sədrin müavini, Bakı İslam Universitetinin rektoru, Heydər məscidinin sədri Hacı Sabir Həsənlini anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik etdi, ona Allahdan uzun ömür, cansağlığı və yeni uğurlar dilədi. Şeyxülislam S. Həsənlinin İdarənin fəaliyyət tarixində yeri, dini mərkəz olaraq xarici əlaqələrinin qurulmasında, QMİ-nin təsis etdiyi mədrəsədən başlayaraq İslam Universitetinə qədər uzun yol keçmiş ali təhsil müəssisəsinin fəaliyyətində rolu barədə danışdı.
Şeyxülislam Qafqaz Müsəlmanları İdarəsınin Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı yeni 1437-ci hicri ilinin təqvimini təqdim etdi. QMİ sədri bildirdi ki, bu təqvim elmlə dinin vəhdətdə insanlarımıza xidmətinin nümunəsi olmaqla yanaşı, milli vəhdətimizə xidmət edən olduqca vacib məsələdir. Ölkəmizin ərazisində elmi şəkildə əsaslandırılmış, yerləşdiyimiz coğrafi məkana uyğun şəkildə, hər bir bölgəmizi nəzərə almaqla azan, namaz, dini bayramların vaxtlarının müəyyən edilərək dindarlara çatdırılması dini mərkəz kimi bizin üçün olduqca əhəmiyyətli məsələdir. Lakin bu məsələ həm də ümummilli əhəmiyyət kəsb edir. Belə ki, ölkə ərazisində azanın eyni vaxtda verilməsi milli-mənəvi birliyimizi, daxili vəhdətimizi təmin etmək baxımından zəruridir.
QMİ sədri xitab etdi ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvləri və Səlahiyyətli nümayəndələri Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və onun yerlərdəki nümayəndələri ilə əməkdaşlıqda ölkəmizin ərazisində Azanın verilməsi ilə bağlı QMİ-nin Şamaxı Rəsədxanası ilə birgə hazırladığı təqvimə riayət olunmasına birgə nəzarət həyata keçirsinlər və bu təqvimə əməl etməyənlər cəzalandırılsın.
Şeyxülislam bildirdi ki, hər il olduğu kimi, bu il də QMİ Qazılar Şurası yeni hicri ilinin başlanması münasibətilə - Məhərrəm ayı ilə bağlı Fətva qəbul etmişdir. Həmin fətvada Aşura mərasiminin keçirilməsi ilə bağlı tövsiyələrimiz yer almışdır. QMİ sədri son illər böyük rəğbət və ehtiramla qarşılanan Qanvermə aksiyaları ilə bağlı danışdı, bu il də məscid və ibadətgahlarda Aşura zamanı Səhiyyə Nazirliyi ilə birgə qana ehtiyac duyan xəstələrin ehtiyacları üçün qanvermə aksiyalarının təşkil olunacağı barədə məlumat verdi.
Fətva oxundu və səsə qoyularaq qəbul edildi.
Daha sonra QMİ sədri məscidlərdə oxunan moizə və xütbələr haqqında danışdı. O bildirdi ki, bununla bağlı dəfələrlə tövsiyələrimizi səsləndirmişik, vəsait çap edərək din xadimlərinin diqqətinə çatdırmışıq. QMİ sədri bir daha bəyan etdi ki, moizələr dindarların dini maariflənməsi işinə xidmət etməklə yanaşı, «Vətəni sevmək imandandır» hədisinə uyğun olaraq Vətən təəssübünü, Vətən sevgisini təlqin etməlidir. Din xadimlərinin moizə və xütbələrində vətənpərvərlik hisslərinin aşılanması vacibdir və milli, habelə məzhəb ayrıseçkiliyinin təbliği qəti yolverilməzdir. O bildirdi ki, bu məsələyə nəzarət daha da gücləndiriləcək və xətaya yol verənlər müvafiq şəkildə cəzalandırılacaqlar.
O, həmçinin bildirdi ki, din xadimlərinin təkmilləşdirmə kursları, inşallah Məhərrəmlikdən sonra öz fəaliyyətini davam etdirəcəkdir. Şeyxülislam A. Paşazadə QMİ Qazılar Şurasının tərkibində Etika komissiyasının yaradılması barədə məlumat verdi. Bildirildi ki, QMİ-nin din xadimlərinin fəaliyyətində dini-etik məqamların gözlənilməməsi aşkarlanarsa, bununla bağlı komissiyanın rəyi olacaqdır. Bu rəy işəgötürmə məsələsində də vacib şərt kimi nəzərdən keçiriləcəkdir. Komissiyanın Əsasnaməsi və komissiyanın tərkibi səsə qoyularaq qəbul olundu.
QMİ sədri ölkəmizin həyatında qarşıdan gələn vacib ictimai-siyasi hadisə olan Parlament seçkiləri ilə bağlı bildirdi ki, Azərbaycan dindarları öz vətəndaşlıq borclarını yerinə yetirərək, Milli Məclisə seçkilərdə fəal iştirak etməli, bəyəndikləri namizədə səs verməlidirlər.
QMİ sədri hal-hazırda dünyada gedən mürəkkəb proseslər - iqtisadi böhran, siyasi gərginliklər, mənəvi aşınmalar barədə fikirlərini bölüşdü, dindən, müqəddəs İslam adından sui-istifadə edilərək, terror və işğalların həyata keçirilməsinin fəsadları barədə danışdı. O bildirdi ki, yalnız daxili vəhdətimizi qorumaqla, milli-mənəvi birliyimizi daha da möhkəmləndirməklə, Vətənimizin maraq və mənafelərinə sadiq olmaqla biz bu bəlalardan qoruna bilərik.
Çıxışının sonunda Şeyxülislam A. Paşazadə Turkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində baş vermiş terror zamanı şəhid olanların xatirəsini anmağı təklif etdi. QMİ sədri bu il Həcc ziyarətində dünyasını dəyişmiş hacılarımıza da Allahdan rəhmət dilədi. Bütün mərhumların xatirəsinə Qurani-Kərimdən ayələr oxundu, dualar edildi.
Tədbirdə yeni din xadimlərinin təyinat məsələsinə də baxıldı.
Toplantıda AR Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri M. Qurbanlı, QMİ Elmi-Dini Şurasının sədri V.Məmmədəliyev və b. çıxış etdilər.
Bütün tədbir iştirakçılarına yeni 1437-ci hicri ilinin təqvimi paylandı.
 
Tədbirin sonunda ehsan süfrəsi açıldı.

Oxunub : 1746