On ikinci Şeyxülislam Şeyxülislam Allahşükür Paşazadə – 65

 
On ikinci Şeyxülislam Şeyxülislam Allahşükür Paşazadə – 65
 
Siz dini-ictimai xadim kimi beynəlxalq aləmdə də böyük nüfuza maliksiniz. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı fəaliyyətiniz təqdirəlayiqdir.
Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm ideyaları İslam aləminin taleyüklü problemlərinin həlli yolunda atdığınız addımlarda öz əksini tapmışdır.
 
Heydər ƏLİYEV
ümummilli lider
 
Şeyxülislam Allahşükür Hümmət oğlu Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. O, orta məktəbdə oxumaqla yanaşı, yerli ruhanilərdən dini təhsil almağa müvəffəq olmuşdur. 1968-1970-ci illərdə özbəkistan Respublikasının Buxara şəhərində “Mir-Ərəb” mədrəsəsində təhsil alan Allahşükür Paşazadə 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam İnstitutunun ilahiyyat fakültəsinə qəbul olunmuş və 1975-ci ildə bu ali ruhani təhsil ocağını müvəffəqiyyətlə bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib vəzifəsində çalışmış, 1978-ci ildə isə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini seçilmişdir. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilərək Şeyxülislam rütbəsi almışdır. O, Qafqaz Müsəlmanları İdarəsi tarixində sayca 12-ci Şeyxülislam, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.
Şeyxülislam Allahşükür Paşazadə dini-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz sahibidir. O, Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsini, qaçqınlar problemini tanınmış din və dövlət xadimləri ilə yüksək səviyyəli görüşlərində müzakirə edir, bölgədə sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi aparır. Şeyxülislam Allahşükür Paşazadə Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün Rusiyanın, Gürcüstanın və Ermənistanın dini liderləri ilə görüşlər keçirmiş, erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət etmişdir.
“Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanmışdır. Qətlə yetirilənlər arasında uşaqlar, qadınlar və qocalar vardır. Tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikə-tikə edilmiş cəsədlər insanları dəhşətə gətirir. Dövlət başçısı kimi  sizin imzanızla törədilən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz!”
İttihamla dolu bu məktub Şeyxülislam Allahşükür Paşazadə tərəfindən – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya daxil olmasına və dinc əhalinin qətlə yetirilməsinə göstəriş verən sovet dövlətinin başçısı M.Qorbaçova ünvanlanıb. Həmin hüznlü günlərdə Bakıda elə bir bina, elə bir küçə yox idi ki, ora Şeyxülislam Allahşükür Paşazadənin Mixail Qorbaçova ünvanladığı məktubun mətni yapışdırılmasın. Sovet dövlətinin başçısını ittiham edən və onu bütün dünyada nüfuzdan salan bu məktubu yazmaq böyük cəsarət tələb edirdi. Bu məktubun sahibi xalqını canından çox sevən, Allahın müqəddəs kəlamları ilə nəfəs alan və onu təbliğ edən insan ola bilərdi. Bu şəxs Şeyxülislam Allahşükür Paşazadə idi. Sovet dövlətinin başçısını ittiham edən məktubda deyilirdi: “Biz bu faciə ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. O dövlət ki, imperiya hökmranlığı iddiası ilə millətlərarası narazılıqları aradan qaldırmaq əvəzinə, onu daha da qızışdırır, o dövlət ki, ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki, öz vətəndaşlarına layiqli güzarandan daha çox faciələr bəxş edir, belə dövlət nifrətə layiqdir”.
1990-cı ilin Qanlı yanvar günlərində Şeyxülislam öz mübarizliyini nümayiş etdirərək xalqı birləşməyə, hakimiyyətin tam iflic olduğu dövrdə millətin iradəsini, əzmini möhkəmləndirməyə müvəffəq oldu. O faciəli günlərdə Qafqaz Müsəlmanları İdarəsi və onun sədri xalqın yeganə nicat və ümid yeri oldu. Moskvadan Bakıda törədilən dövləti cinayətə öz hiddət və etirazını bildirən, dünya ictimaiyyəti qarşısında SSRİ-nin imperiya xislətini ifşa edən ümummilli lider Heydər Əliyev, Azərbaycandan isə M.Qorbaçova – azərbaycanlıların qatilinə nifrət və qəzəblə dolu açıq məktub ünvanlayan Şeyxülislam Hacı Allahşükür Paşazadə oldu.
1990-cı ilin 20 Yanvar faciəsində Hacı Allahşükür Paşazadə dünya ictimaiyyətinin gözü qarşısında özünü bir daha müsəlmanların dini lideri kimi təsdiq etdi. Daha sonra məktubda deyilirdi: “Siz özlərini işğalçı kimi aparan bu cəza qoşununu Bakıya yeritməklə sovet hökumətini rüsvay etdiniz və bu əməlinizlə təsdiq etdiniz ki, müstəqillik və xalqların müqəddəratı kimi anlayışlar idarəçiliyinizə tamamilə yaddır. Siz bu faciənin törədilməsinə rəvac verməklə özünüzü bir siyasi xadim və bacarıqsız bir dövlət başçısı kimi ifşa etdiniz. Bir əli ilə xarici dövlətlərlə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı amansız cəza tədbirlərinin həyata keçirilməsinə göstəriş verən adamı “Sülh uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir”.
Azərbaycanda hakimiyyətsizlikdən istifadə edən ermənipərəst sovet rəhbərliyi 20 Yanvar qırğınını törətməklə istədiyinə nail olmadı. Sovet rəhbərliyi onun ədalətsiz siyasətinə etiraz edən insanları susdura bilmədi. Bu insanların önündə gedən Allahşükür Paşazadə məktubda yazırdı: “Mən bütün Azərbaycan xalqının iradəsini ifadə edərək qoşunların Bakıdan dərhal çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz. Bu müdaxilə 10 gün və ya Əfqanıstandakı kimi 10 il davam edə bilər, lakin haqq-ədalət əvvəl-axır qələbə çalacaqdır. Dərin inam və iman hissi ilə üzümü Allah-Təalaya tutur və onun ulu dərgahından şəhid olan balalarımıza rəhmət diləyirəm. Qoy Allah-Təala mənim xalqımın başına bu fəlakəti gətirənləri, bu işə rəvac verənləri zəlil etsin! Ya Rəbb, Vətənimin bu ağır günündə özün bizlərə kömək ol! Amin!”
Şəhidlərin dəfn mərasimində Allahşükür Paşazadə çox böyük cəsarətlə sinəsini qabağa verib, xalqın önündə gedir, bir sərkərdə kimi xalqı öz arxasınca aparırdı. Bu yol Şəhidlər Xiyabanına gedən adi bir yol deyildi, xalqın mənfur rus imperiyasına nifrət və etiraz yolu, milli qurtuluş yolu, ədalət, istiqlal və azadlıq yolu idi. Bu yolda qazanılan uğurun əldə olunmasında Şeyxülislam Allahşükür Paşazadənin əvəzsiz xidmətləri vardı. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması uğrunda mübarizədə təkcə iştirakçı olmadı, həm də bu yolun ən mübariz qəhrəmanlarından biri oldu.
Ermənistanın Azərbaycana təcavüzünün nəticəsi olaraq işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı dünya dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayan Şeyxülislam Allahşükür Paşazadə Ermənistanın işğalçılıq siyasətinə hüquqi qiymət verməyə, xəlq edilmişlərin əşrəfi olan insana və onun faciəsinə biganə qalmamağa çağırır.
Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Allahşükür Paşazadə çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqazidd əməllərinin qarşısının alınmasında əməli tədbirlər görmüş, “Qafqaz evi” çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərmişdir.
O, Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi iştirak etdiyi bütün mötəbər məclislərdə, müxtəlif tədbirlərdə bu bölgənin xalqlarının maraqlarını ən yüksək səviyyədə qoruyur və onların haqq işini müdafiə edir. Şeyxülislam 1999-cu ildə Rusiya Federasiyasının Prezidenti B.Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz məktubu göndərərək, İslam ekstremizmi və terroru ilə mübarizə şüarından sui-istifadə edərək, bütöv xalqın terrorçu, ekstremist, cinayətkar adlandırılmasını qətiyyətlə pislədi.
Şeyxülislam Allahşükür Paşazadə müsəlman həmrəyliyi prinsipindən çıxış edərək İraqda baş verən hadisələrlə, Fələstin xalqının başına gətirilən müsibətlərlə bağlı öz etiraz səsini ucaltmış, sivilizasiyanın beşiyi sayılan bu ərazilərdə yerləşən müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və dövlətlər qarşısında məsələ qaldırmışdır. O, ABŞ ordusunun suveren İraq ərazisinə müdaxiləsini, Fələstində və Livanda hərbi münaqişələri qətiyyətlə pisləmiş, din xadimi olaraq dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində fəaliyyət göstərməyi özünün müqəddəs borcu hesab etmişdir.
1998-ci ildə Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Bakıda “Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirildi. Müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanda dini-mənəvi dəyərlərin dirçəldilməsi istiqamətində görülən işlər, dövlətin dinə göstərdiyi qayğı bu konfransda rəğbətlə vurğulandı. Allahşükür Paşazadə, həmçinin, 2003-cü ildə “Allahın lütfü, xalqın xilaskarı”, 2004-cü ildə “Qloballaşma və İslam”, 2005-ci ildə “Qloballaşan dünyada İslam”, 2006-cı ildə “Tolerantlığın örnəyi - Azərbaycan”, “İslamda dözümlülük” mövzularında keçirilən beynəlxalq elmi konfransların təşəbbüsçüsü və təşkilatçısı olmuşdur.
Şeyxülislam Allahşükür Paşazadə mötəbər beynəlxalq konfransların ən yüksək kürsülərindən dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasında münaqişə yaradan problemlərin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı ardıcıl təbliğ edir, postsovet məkanında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi naminə daim xoş məram nümayiş etdirir və əməli fəaliyyət göstərir. Şeyxülislam Allahşükür Paşazadə Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədridir. Onun təşkilatçılığı ilə 2002-ci ildə Tbilisidə “Qafqazda sülh uğrunda əməkdaşlıq” beynəlxalq forumu, 2004-cü ildə Moskvada Beynəlxalq dinlərarası sülhyaratma forumu, təşəbbüsü ilə 2006-cı ildə Dünya Dini Liderlərinin Moskva Sammiti, 2010-cu ildə Dünya Dini Liderlərinin Bakı Sammiti keçirilmişdir. Xristian aləmində böyük nüfuz və ehtiram sahibi olan Allahşükür Paşazadə 2006-cı ildə Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvü seçilmişdir. Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini yüksək qiymətləndirən Roma papası II İohan Pavel yazırdı: “Müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.
Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və ümumrusiya patriarxı II Aleksi ilə birlikdə BMT yanında Dinlərin Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Nəticədə müsəlman, xristian və yəhudi din xadimlərinin UNESCO nəzdində formalaşdırılması nəzərdə tutulan yüksək səviyyəli məşvərət qrupunda Allahşükür Paşazadənin müsəlman din xadimlərini təmsil edəcəyi qərara alınmışdır. O, 2009-cu ilin iyulunda UNESCO-nun yanında yaradılan din xadimlərinin yüksək səviyyəli məşvərət qrupunun üzvü seçilmişdir.
Azərbaycanda dini mərasimlər içərisində xüsusi önəm daşıyan Aşura mərasimi ilə bağlı Şeyxülislamın uğurlu təşəbbüsü müasir İslam mənəviyyatı tarixində xüsusi yer tutur. O, Aşura günlərində simvolik qan çıxarılması ayininin mahiyyətinin saxlanılması şərti ilə, onun cəmiyyət baxımından əhəmiyyətli formasının tətbiqinə nail olmuşdur. Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Aşura günlərində Azərbaycanın bir çox məscid və ziyarətgahlarında İmam Hüseynin (s.a.) xatirəsinə qanvermə aksiyalarında iştirak edən müsəlmanlar həm müqəddəslərə olan ehtiramını nümayiş etdirir, həm də xəstə insanlara real kömək göstərmələrindən məmnun olurlar. Belə ki, irsi qan xəstəliklərindən əziyyət çəkən insanların, xüsusilə talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi istiqamətində təmənnasız qan verilməsi aksiyalarının təşkili və həyata keçirilməsi Şeyxülislam Allahşükür Paşazadənin adı ilə bağlıdır. Bu məsələdə o, özü şəxsi nümunə göstərir. Şeyx həzrətləri Aşura günü başyarma, zəncirlə bədənə xəsarətyetirmə ilə qançıxarma kimi ictimaiyyət arasında birmənalı qarşılanmayan ənənənin cəmiyyətə fayda verən aksiyaya, insanpərvərlik nümunəsinə çevrilməsinə nail olmuşdur.
Şeyxülislam Allahşükür Paşazadənin elmi fəaliyyəti də rəngarəng və hərtərəflidir. O, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi adını almışdır. 1999-cu ildən isə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin professorudur. O, tarix və ilahiyyat elmləri üzrə “Qafqazda İslam”, “İslamda ümmət və şüubilik”, “Quranın təfsiri və tərcüməsi tarixi”, “Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi”, “İslamda şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-Kərimin ecazkarlığı”, “Qurani-Kərimdə insan təbiəti” adlı monoqrafiyaların, elmi əsərlərin və çoxsaylı məqalələrin müəllifidir.
Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə ümumdünya İslam Konqresi, ümumdünya Xalq Rəhbərliyi, ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, “Vicdana cağırış” Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvüdür. 2013-cü ilin aprelində yenidən növbəti 5 il müddətinə MDB Müsəlmanları Məşvərət Şurasının sədri seçilmişdir.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür. O, 1986-cı ildə İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmiş, Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, 2008-ci ildə yaradılmış Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri, 2009-cu ildə Moskvada keçirilən “MDB müsəlmanları konfessiyalararası və millətlərarası razılıq tərəfdarıdır” adlı beynəlxalq elmi-praktik konfransda Müstəqil Dövlətlər Birliyi Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının sədri seçilmişdir. Sülhün əldə olunması və tolerantlığın bərqərar edilməsi sahəsində uğurlu fəaliyyətinə görə Şeyxülislam Allahşükür Paşazadə 2007-ci ildə Sülh Fondları Beynəlxalq Assosiasiyası, ümumdünya Veteranlar Federasiyası və “Xalq yaddaşı” Beynəlxalq Veteranlar Fondunun təsis etdikləri xatirə medalı ilə təltif olunmuşdur.
Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 2005-ci ildə “Şeyxülislam ordeni” təsis edilmişdir. Bu ordenə sülhün, tolerantlığın, mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində böyük xidmətlərinə görə ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev layiq görülmüşdür.
Dini maarifi, İslamın elmi şəkildə tədris olunmasını önə çəkən Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 1991-ci ildə Bakı İslam İnstitutu, 1997-ci ildə isə Qafqaz Müsəlmanları İdarəsi nəzdində görkəmli elm və din xadimlərindən ibarət Elmi-Dini Şura yaradılmışdır.
Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə ziyarət, dini əməkdaşlıq, müxtəlif konfrans və tədbirlərdə iştirak məqsədilə dünyanın əksər ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası, Belarus, Gürcüstan, Qazaxıstan, ABŞ, Kanada, Fransa, İtaliya, İsveçrə, İordaniya, Küveyt, Hollandiya, Hindistan, Pakistan, Əfqanıstan, Əlcəzair, Liviya, İraq, İran, Misir, Şri-Lanka, Mərakeş, Malayziya, Sudan, Seneqal, çad və başqa ölkələrdə dəfələrlə rəsmi və işgüzar səfərdə olmuşdur.
Şeyxülislamın həyat və fəaliyyəti ilə bağlı “Mərhəmətli və şəfqətli qəlb”, “Bizim bir şeyximiz var”, “Şeyxülislam”, “Şeyxülislam: ictimai xadim, alim”, “Qafqaz Müsəlmanları İdarəsi və Ermənistan Azərbaycan münaqişəsi”, “Müqəddəs ömrün anları”, “On ikinci Şeyxülislam”, “Dan ulduzu”, “Allahın lütfü - 25 il Şeyxülislam”, “Şeyxülislam Allahşükür Paşazadə: elm və dinin vəhdəti”, “Şeyxülislamlıq yolu”, “Nurlu yolun müdrik səyyahı”, “Şeyxülislam - Alın yazısı”, “Şərəf və şöhrətin zirvəsi”, “Şeyxülislam – ənənə və müasirliyin vəhdəti”, “İki əsrin Şeyxülislamı”, “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru”, “Şeyxülislam Allahşükür Paşazadənin orden və medalları”, “Şeyxülislam Allahşükür Paşazadə – görkəmli din xadimi, sülməramlı elçi” kitabları və yüzlərlə məqalələr nəşr olunmuşdur.
Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan xalqı qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif olunmuşdur.
Hacı Allahşükür Paşazadənin çoxşaxəli fəaliyyəti dünyanın böyük dövlətləri və dini qurumları tərəfindən də yüksək qiymətləndirilmiş və bir çox ali mükafatlara layiq görülmüşdür. O, SSRİ-nin “Xalqlar dostluğu”, Misir Ərəb Respublikasının I dərəcəli “Əl-elm və əməl”, çeçenistan Respublikasının “Millət Qəhrəmanı - Koman Turpal” və “Kadırov”, Rus Pravoslav Kilsəsinin     I dərəcəli “Böyük Knyaz Vladimir” I dərəcəli “Müqəddəs Sergi Radonejevski” və “Şöhrət və Şərəf”, Gürcüstan Respublikasının “Şərəf” və “Qoyunun qızıl dərisi”,  Vatikan dövlətinin “Müqəddəs Qreqori”, Rusiya Müftilər Şurasının I dərəcəli “Əl-Fəxr”, Rusiya Federasiyasının “Dostluq” və “Şöhrət”, İordaniya Krallığının    I dərəcəli “Kral Hüseyn”, Bakı və Xəzəryanı Yeparxiyanın I dərəcəli “Müqəddəs Apostol Varfolomey”, Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin I dərəcəli “ümmət qarşısında xidmətlərinə görə”, Belarus Pravoslav Kilsəsinin I dərəcəli “Svyatitel Kiril Turovski” ordenləri, “İNTERSAFETY” terrorizm, korrupsiya, ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Təltiflər İttifaqının (UNCOPA) “Aypara və Ulduz” ordeninin ali dərəcəsi, habelə Daşkənd İslam İnstitutunun, Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin, Beynəlxalq Təhlükəsizlik Komitəsinin (İNTERSAFETY) “Cəmiyyət qarşısında xidmətlərinə görə”, “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondunun “Vətən övladı”, “Krans Montana” Forumunun qızıl medalları, Serbiya Respublikasının “İmperator Böyük Konstantinin qızıl sikkəsi”, İraq dövlətinin “Türkmən eli” Vəqfinin mükafatı ilə təltif olunmuşdur.
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə İslam dininin düzgün anlaşılması, layiq olduğu şəkildə təbliği, Qafqazda dini tolerantlıq mühitinin formalaşması istiqamətində gördüyü işlər, nümayiş etdirdiyi fəal vətəndaşlıq mövqeyi, xüsusən də dini liderlərin Moskvada ümumdünya Sammitinin keçirilməsinə nail olması kimi xidmətləri və xeyriyyəçilik fəaliyyətinə görə 2006-cı ildə “ANS Şirkətlər Qrupu”nun təsis etdiyi “İlin adamı” mükafatına layiq görülmüşdür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Şeyxülislam Allahşükür Paşazadəni “İstiqlal” ordeni ilə təltif edərək ona ünvanladığı təbrik məktubunda yazırdı: “Siz dini-ictimai xadim kimi beynəlxalq aləmdə də böyük nüfuza maliksiniz. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı fəaliyyətiniz təqdirəlayiqdir. Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm ideyaları İslam aləminin taleyüklü problemlərinin həlli yolunda atdığınız addımlarda öz əksini tapmışdır”.
2009-cu il noyabrın 6-da Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” Beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinə yüksək qiymət verərək demişdir: “Şeyx həzrətləri otuz ildir ki, bu məsul vəzifədə Azərbaycan naminə çalışır, həm Sovet İttifaqı zamanında, həm müstəqil Azərbaycanın quruculuğu dövründə. Əlbəttə ki, bu dövrlərin arasında çox böyük fərq vardır. Amma buna baxmayaraq, Şeyx həzrətləri hətta çox çətin ideoloji çərçivələr içində həmişə öz ədalətli sözünü demişdir. ölkəmiz üçün ən çətin anlarda o, birinci sıralarda idi. Müstəqillik ərəfəsində Azərbaycanda yaşanan çox ağır hadisələr zamanı Şeyx həzrətlərinin müdrik sözü, onun vətəndaş mövqeyi Azərbaycanı daha da böyük bəlalardan qurtara bilmişdir”.
Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan xalqının taleyi ilə bağlı, nəinki müsəlman aləmində, hətta dünyada gedən ictimai-siyasi proseslərin, qlobal məsələlərin həllində yaxından iştirak edir və bu işıqlı yolda var qüvvəsini əsirgəmir. Allahşükür Paşazadə bu nurlu yolun müdrik səyyahıdır. Bu səyyah Hidayət yolu ilə öndə gedir və minlərlə dindarı öz ardınca aparır.
Əfqanıstan İslam Cəmiyyətinin sədri, görkəmli dövlət xadimi Şeyx Bürhanəddin Rəbbani Şeyxülislam haqqında yazırdı: “Hacı Allahşükür Paşazadə İslam dünyasında parlaq və heç zaman sönməyən ulduzdur”.
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı ürək sözlərini belə ifadə etmişdir: “Mən əziz qardaşıma “İslamın ulduzu” deyəcəm. çünki o, tək Qafqazın deyil, bütün İslam dünyasının ulduzudur”.
Müqəddəs amallarla yaşayan və 65 yaşına çatan Şeyxülislam Allahşükür Paşazadə, həqiqətən, dünya müsəlmanlarının iftixarıdır və onun bu adı fəxarətlə daşımağa, eyni zamanda, bizim onunla fəxr etməyə haqqımız var.
 
 
Teymur BüNYATOV,
akademik,
 
Anar İSGƏNDƏROV,
tarix elmləri doktoru, professor
“Xalq” qəzeti
 
www.xalqqazeti.com/az/news/social/47723

Oxunub : 482