Beynəlxalq Media Forumun iştirakçıları QMİ-də

 “Dini və milli tolerantlıq-millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” mövzusunda keçirilən Beynəlxalq Forumda iştirak etmək üçün Bakıya gələn nümayəndələrin bir qrupu ilə sentyabrın 15-də Qafqaz Müsəlmanları İdarəsində görüş olub. ABŞ-ı, Misiri, Pakistanı, Gürcüstanı və İsraili təmsil edən forum iştirakçıları əvvəlcə Təzəpir məscidini ziyarət ediblər. Qonaqlara bu dini abidənin tarixi, 2009-cu ildə ərazidə aparılan yenidənqurma işləri barədə məlumat verilib. Tədbir iştirakçıları QMİ-nin kitabxanasına da baş çəkiblər. QMİ-nin Mətbuat Xidmətinin rəhbəri Rəhimə xanım Dadaşova burada saxlanılan qədim əlyazmalar, nadir kitablar haqqında qonaqlara məlumat verib. Sonra QMİ-də qonaqlarla görüş keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Rəşad Əliyarlı qurumun keçdiyi tarixi yol, bugünkü fəaliyyəti və ölkənin dini-ictimai həyatındakı rolu barədə ətraflı məlumat verib. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran QMİ sədrinin müavini ölkədəki tolerantlıq mühitinin digər dünya dövlətləri üçün nümunə olduğunu qeyd edib. Rəşad Əliyarlı son illərdə QMİ-nin keçirdiyi beynəlxalq tədbirlər barədə də məlumat verib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Azərbaycan paytaxtında keçirilən Beynəlxalq Forumun məqsədi və müzakirə olunacaq məsələlər barədə danışıb. Təşkilat rəhbəri bildirib ki, tədbirə dəvət olunan əcnəbi qonaqlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün müəyyən işlər görürlər. Sonra qonaqları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb, onlara QMİ-nin təşkilatçılığı ilə keçirilən tədbirlərdən bəhs edən kitablar hədiyyə olunub. Görüşdə QMİ sədrinin müavini Qəmər xanım Cavadlı, İdarənin Aparat rəhbəri Simran Həsənov iştirak ediblər.
“Haqqın nuru”

Oxunub : 1243