Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani QMİ-də

Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə Azərbaycana təşrif buyurmuş İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani səfərinin ikinci günü — sentyabrın 1-də Təzəpir məscid-kompleksinə gəldi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Möhsün Pak Ayin, Bakıdakı İran Mədəniyyət Mərkəzinin rəhbəri Seyid Əli Əkbər Ocaq Nejad, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev, QMİ Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev və b. müşayiəti ilə ali ruhani qonaq Bakının əzəmətli, 100 illik tarixə malik Təzəpir məscidini ziyarət etdi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidi ilə tanışlıq zamanı qonağa Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsinin hazırlanması barədə məlumat verdi və bunun Azərbaycan dövlətinin dini-mənəvi irsimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğuladı. O bildirdi ki, layihə əsasında burada məscidin ilkin görkəminə qaytarılması məqsədilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapıb. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub. Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir.
Təzəpir məscidində Ayətullah Həmədaninin pişnamazlığı ilə namaz qılındı.
Daha sonra İranın nüfuzlu din xadimi Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə də tanış oldu. Kitabxanada 6 min nüsxə nadir əlyazmanın mövcudluğu haqqında qonağa məlumat verildi. Qeyd edildi ki, kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün mini-studiya yerləşir. Ayətullah Hüseyn Nuri Həmədani buradakı qədim kitablara baxdı və fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Ayətullah Hüseyn Nuri Həmədani burada jurnalistlərə səfəri barədə danışarkən Qarabağla bağlı açıqlama verdi. O bildirdi ki, Qarabağ qədim Azərbaycan torpağıdır və arzu edirəm ki, tez bir zamanda işğaldan azad olunsun.
Bunun ardınca Qafqaz Müsəlmanları İdarəsinin böyük konfrans-zalında İranın nüfuzlu din xadimi ilə görüş oldu.
Qurani-Kərimdən ayələrin oxunması ilə başlanan görüşdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədaninin Azərbaycana səfəri bizim üçün mühüm hadisədir. QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, bu səfər Azərbaycanın tarixində qalacaq, belə ki, indiyə qədər Azərbaycana Ayətullah-Üzma gəlməyib. Bu, bir yol, cığır oldu. Bu yolu Ayətullah Hüseyn Nuri Həmədani açdı. Arzu edirik ki, bundan sonra digər müctəhidlər də Azərbaycana gəlsinlər.
Şeyxülislam bildirdi ki, Həmədani İranda şahın hakimiyyətdən getməsində xidməti olan, dəfələrlə sürgün olunmasına baxmayaraq, əqidəsindən dönməyən mübariz, iradəli şəxsiyyət kimi səciyyələndirdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri dedi ki, Ayətullah Hüseyn Nuri Həmədani Bakıda Şəhidlər xiyabanında şəhidlərin ruhu, Qarabağ torpaqlarının azad olunması üçün dua edən birinci müctəhiddir.
Şeyxülislam A. Paşazadə Azərbaycan və İran xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açaraq, bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrdə əməkdaşlığının inkişafına böyük təkan verdiyini vurğuladı.
QMİ sədri Allahşükür Paşazadə dini, mədəni və tarixi abidələrin inşası, bərpası, mühafizəsi sahəsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısından ətraflı söhbət açdı.A.Paşazadə Ayətullah Həmədani ilə məzhəblərarası münasibətlərdən danışdiğini tədbir iştirakçılarının diqqətinə çatdırdı və əlavə etdi ki, İslam alimi Azərbaycanda məzhəblər arasında münasibətlərin gözəl olmasını yüksək qiymətləndirir.
Görüşdə çıxış edən Ayətullah Hüseyn Nuri Həmədani bildirdi ki, Qarabağın tez bir zamanda işğaldan azad olunmasını arzulayırıq. O məmnuniyyətlə bildirdi ki, qədim tarixə malik Azərbaycanda olmağından çox şaddır. O, tədbirə toplaşanlara xitabən dedi ki, bu gün ən mühüm məsələ müsəlmanların vəhdətinə nail olmaqdır. İranlı alim Azərbaycana səfərə gəlməsini özü üçün Allahın böyük lütfü hesab etdiyini xüsusi vurğuladı: "Məni bu ölkəyə dəvət etdiklərinə görə, Azərbaycan Prezidentinə, Şeyxulislam Allahşükür Paşazadəyə təşəkkür edirəm. İslam dini bərabərlik dinidir. Mən Azərbaycanda bu bərabərliyi bir daha gördüm. İndiki dövrdə müsəlmanların vəhdəti hər zamankından daha mühüm əhəmiyyət kəsb edir. Quranın da hökmüdür ki, müsəlmanlar bir-birilə isə möhkəm vəhdətə və birliyə malik olmalıdırlar. Allaha şükür edirəm ki, səfərimdə bu məqsədə nail olmuşam".
Ayətullah Həmədani daha sonra gənc nəslin elm, İslam maarifinə vaqif olmasına dair qiymətli fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. O xüsusi vurğuladı ki, ruhaniyyəti, dini öyrənənlər dövrün, zəmanənin əsas məsələlərini diqqətdə saxlayıb, təhsillərində lazımi uğur əldə etməlidirlər.
Görüşdə çıxış edən İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin sədri Seyid Əli Əkbər Ocaqnejad Ayətullah Hüseyn Nuri Həmədaninin həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi, İslam dəyərləri, elmin fəzilətlərindən bəhs etdi. O bildirdi ki, bu gün Azərbaycan xalqının yaddaşından silinməyəcək əlamətdar bir gündür. "Ona görə ki, bu gün möhtərəm, hörmətli alimin, müctəhidin və mərceyi-təqlidin qarşısında oturmuşuq və bir müctəhidlə görüş keçiririk". O, qeyd etdi ki, elm gözəldir və İslam insanları daim elm öyrənməyə təkid edir: "Azərbaycan torpağında da həmişə böyük elm adamları, müctəhidlər yetişib, yaşayıb. Məsələn, Şeyx Əbdulqəni Badi-Kubeyi, Şeyx Hüseyn Ramanayi, Şeyx Mirəbdülqəni Badi-Kubeyi, Şeyx Məhəmməd Lənkərani, Şeyx Mirsüleyman Salyani və b. Azərbaycan alimlərini saysaq, bir kitab olar. Azərbaycan həmişə müctəhidlərlə ünsiyyətdə olub. Lakin müstəqil olandan sonra Azərbaycana ilk dəfədir ki böyük İslam alimi təşrif buyurur. Hamınızın gözəl tanıdığı rəhmətlik Şeyx Fazil Lənkərani də ağanın şagirdlərindən olub. Əlbəttə ki, belə bir alimin, özü də müctəhidin Azərbaycana gəlişi çox əlamətdardır".
Mədəniyyət Mərkəzinin sədri vurğulayıb ki, Şeyx Həmədaninin bir çox sahələrə aid elmi kitablarının Azərbaycan dilinə tərcümə olunması planlaşdırılır.
Görüşün sonunda Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Şeyxülislam A. Paşazadəyə hədiyyə təqdim etdi.
Görüşdən sonra mərasim zallarında qonağın şərəfinə ehsan süfrəsi açıldı.
QMİ-nin Mətbuat Xidməti

Oxunub : 1745