Xanım Rəhimə bint Museyi-Kazımın (ə) məqbərə kompleksi – Nardaran, Azərbaycan

Nardaran qəsəbəsində yerləşən məşhur ziyarət kompleksi Həzrət İmam Museyi-Kazımın (ə) qızı, İmam Rzanın (ə) bacısı Xanım Rəhimənin (ə) adı ilə bağlıdır. O Xanım (ə) Harun ər-Rəşid və Məmunun xilafəti dövründə Azərbaycana pənah gətirən Peyğəmbər (s) nəslinin nümayəndələrindən biridir.
Yerli camaatın verdiyi məlumata görə, Xanım Rəhimə (ə) təqiblərdən qurtulmaq üçün iki bacısı ilə birlikdə VIII əsrdə Abşeron yarımadasına gələrək Nardaranda məskunlaşmış, kəndin ən möhtərəm şəxslərindən biri olan Seyid Yusifin evində yaşamış və dünyasını dəyişərkən Nardaranda dəfn edilmişdir. Vəfatından sonra Xanımın (ə) məqbərəsi ziyarətgaha çevrilmişdir.
Məqbərə kompleksi qumsal ərazidə yerləşdiyindən sonrakı dövrlərdə güclü küləklər nəticəsində gümbəzinə qədər torpaq altında qalmışdır. Yalnız XX əsrin ortalarında qazıntı işləri aparılaraq bina qumluğun altından çıxarılmış, ətrafı təmizlənmiş, üzərində bərpa işləri aparılmışdır. Sovet hakimiyyəti illərində kommunist rejimi bərpa işlərinə qarşı müəyyən maneələr yaratsa da kənd sakinlərinin qətiyyəti sayəsində məqbərə binası ziyarətgah kimi öz müqəddəsliyini qoruyub saxlamışdır.
Onillərdən bəri bu ziyarətgah “Nardaran Piri” kimi tanınmışdır. Memarlıq quruluşuna görə XII-XIV əsrlərə aid edilən pirin qədim binası iki otaqdan ibarət idi. Birinci otaq məscidə, ikinci otaq isə türbəyə aid olmuşdur. Qapı üzərində kufi elementli süls xətti ilə yazılmış daş bir kitabə olmuşdur. Kitabədəki ərəbcə yazının məzmunu belədir: “Bu məscidin tikilməsini mömin Şeyx Nurəddin Mahmud ibn Şeyx Zahid Əbu Yusif həqiqətən Hicri tarixi ilə 707-ci (Miladi 1307-1308-ci) ildə əmr etmişdir”.
Azərbaycan öz tarixi müstəqilliyinə qovuşduqdan sonra Nardaran kənd sakinlərinin təşəbbüsü ilə ziyarətgahda yenidən bərpa və tikinti işləri aparılmış, hazırkı “Pir” kompleksi möminlərin ixtiyarına verilmişdir.
Yeni tikintiyə 1994-cü ildə Həzrət Muhəmməd peyğəmbərin (s) Mövludunda başlanılmış, pirin qədim binasında bərpa işləri aparılaraq üzərində yeni ikimərtəbəli məscid inşa edilmişdir. Hündürlüyü 26 metr olan məscidin birinci mərtəbəsi ziyarətgah kimi saxlanılır və əsas ibadət zalı 2 günbəzə malikdir. Məsciddəki 4 minarənin hər birinin hündürlüyü 42 metrdir.
Nardaran pir-kompleksində iki hissədən ibarət Hüseyniyyə də tikilib.
Pirin tam tikintisi 2006-cı ildə başa çatdırılıb.
Qeyd edək ki, Xanım Rəhimə (ə) ziyarətgahını eyni vaxtda 1500 nəfər ziyarət edə bilir.

Oxunub : 5591