Bilal ibn Rəbahın məqbərəsi – Dəməşq, Suriya

Təxminən 580-ci ildə Məkkədə qul ailəsində dünyaya gələn və əslən Həbəşdən olan Bilal həyatının ilk çağlarından etibarən fitri paklığı, bacarığı və etibarlılığı ilə seçilirdi. O, özünə hörmət edən bir şəxs olduğundan haqsız təhqir və işgəncələri qəbul etməsə də, haqsızlıq edənə etirazını bildirsə də nəticə etibarı ilə daha böyük işgəncəyə məruz qalır və daha ağır işlərə göndərilirdi. Lakin bu, Bilalın iradəsinə zərrə qədər də təsir göstərmir, əksinə, qəlbində mənəviyyatı kor olanlara qarşı nifrət alovunu günü-gündən artırırdı. Həmçinin, bu cür pislikləri görməsi onun daxilində xeyirxahlıq və məzlum insanlara məhəbbət göstərməyə rəğbət, mübarizliyə çağırış hissi oyadır, müsbət mənəvi-ilahi ruhiyyə yaradaraq Allaha ehtiyac və Haqqın axtarışına gətirib çıxarırdı.
Elə bu ərəfələrdə Həzrət Muhəmmədin (s) peyğəmbərliyə çatması və insanları təkallahlılığa dəvət etməsi xəbəri yayılır. Bu xəbər 30 yaşlı Bilalda güclü maraq doğurur və o, təkallahlılığı öyrənməyi qarşısına məqsəd qoyur.
Bir gecə işlərini yerinə yetirdikdən sonra fürsət tapıb özünü Peyğəmbərə (s) yetirən Bilal o Həzrətin (s) mübarək dilindən Qurani-Kərimin ayələrini eşidir, gözləri sevinc yaşları ilə dolur və uzun illərdən sonra axtardığını tapdığını yəqin edir. O, bundan sonra imkan düşdükcə ağalarının gözündən yayınıb demək olar ki, hər gecə məxfi şəkildə İslam Peyğəmbərinin (s) görüşünə gedərdi.
Bir gün Bilal Məscidül-Həramda Kəbəni təvaf edib bütlərin yanına çatarkən onları nifrətlə süzür və bir bütü təhqir edir. Bu vaxt müşriklərdən biri məxfi şəkildə onu izlədiyindən bunu eşidir və gördükləri haqqında Bilalın sahibi Üməyyə ibn Xələfə xəbər verir. Üməyyə ibn Xələf isə başqalarına dərs olsun deyə, Bilalı cəmiyyət qarşısında cəzalandıraraq tövhid dini İslamdan döndərmək fikrinə düşür. Lakin onun Bilala işgəncə verməsi gözlənilənin tam əksi olur. Belə ki, bu səhnəni izləyənlərdən bəziləri Bilalın böyük iradə nümayiş etdirərək hər işgəncə zamanı Allahın təkliyini iqrar etməsini eşidib müqəddəs dinə daha da rəğbətlənirlər. Hadisədən xəbər tutan Peyğəmbər (s) Əbu Bəkri Bilalı Üməyyə ibn Xələfdən pulla almağa göndərir.
Üməyyə ibn Xələfin verdiyi əzabın şiddətindən Bilalın ölümcül vəziyyətə düşməsi Bəni-Üməyyə qəbiləsi üçün qəbahət sayıldığından və Bilalın da tərslik edərək sahibinə qulluq etməyəcəyini bəyan etməsindən sonra Üməyyə bin Xələf onu satmaq məcburiyyətində qalır. Sahibindən pulla alınaraq azad edilən Bilal isə bundan sonra həyatını sıx şəkildə İslama bağlayır, Həzrət Muhəmməddən (s) İslam dininin təlimlərini dərindən öyrənməyə başlayır, müqəddəs dini insanlar arasında fəal təbliğ edir və bu yolda misilsiz fədakarlıqlar göstərir.
Bilal ən çətin və təhlükəli anlarda Həzrət Muhəmmədin (s) yanında yer alır, müşriklərin müsəlmanlara hücumları zamanı cəsarətlə döyüşür, həmçinin “Şibu-Əbu-Talib” mühasirəsi və Mədinəyə Hicrət dönəmində müsəlmanlarla birlikdə olur, böyük qəhrəmanlıqlar nümayiş etdirir.
Mədinəyə Hicrətin ilk günlərində xalqı camaat namazından və zəruri yığıncaqlardan xəbərdar etmək üçün bir vasitəyə ehtiyac yaranmışdı. Ona görə də Allah-Təala Peyğəmbərə (s) azan verilmə əmrini vəhy edir. Həzrət Muhəmməd (s) Həzrət Əliyə (ə) tapşırır ki, Bilala azanı öyrətsin. Bilal qaradərili həbəş və azad edilmiş qul olsa da İslamda ilk azan verən şəxs - müəzzin seçilir. Halbuki, həmin vaxt ondan daha gözəl səsi olanlar da var idi. Lakin Bilalın təqvalı, məsuliyyətli və imanlı olması onu belə bir məqama ucaldır.
Bilal daim Peyğəmbərin (s) yanında olardı. Bütün səfərlərdə, müharibələrdə o Həzrəti (s) müşayiət edər, namaz vaxtı azan verərdi. Onun təkbir (“Allahu əkbər”) nidası ucalan kimi müsəlmanlar məscidə axışar və Peyğəmbərə (s) iqtida edərdilər. O, azan vaxtlarını dəqiq müəyyənləşdirməyi bacaran bir müəzzin idi. Həzrət Peyğəmbər (s) onun barəsində belə buyurmuşdur: “Oruclarınızı Bilalın azanı ilə başlayıb sona çatdırın, o, çox dəqiqdir”.
Peyğəmbər (s) Bilala buyurardı: “Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza duraq”.
Qeyd edək ki, Bilal uzun illər Peyğəmbərin (s) yanında olduğundan onun bir çox kəlamlarını yadda saxlamış, sonralar onları hədis olaraq nəql etmişdir. Onun Rəsulullahın (s) dilindən nəql etdiyi hədislər mötəbər sənəd və istinad ediləsi mənbə hesab olunur.
Bilal Xəlifə Osman ibn Əfvanın dövründə Mədinədən Şama - Dəməşqə sürgün edilir və həyatının sonunadək orada yaşayır. O, Şamda yaşadığı dövrdə hər il Mədinəyə gəlib Peyğəmbərin (s) müqəddəs qəbrini ziyarət edər, Peyğəmbərin (s) Əhli-Beyti (ə) və yaxın səhabələri ilə görüşərdi.
Bilal ibn Rəbah Miladi təqvimlə 640-cı ildə Dəməşqdə 63 yaşında taun xəstəliyindən dünyasını dəyişir. O, Dəməşq yaxınlığındakı “Babüs-səğir” adlı məntəqədə bəzi səhabələrin məzarı yaxınlığında dəfn olunur və sonralar məzarı üzərində məqbərə tikilir. Həmin məzar və məqbərə müsəlmanların ziyarət etdiyi məkanlardan biridir.

Oxunub : 1226