MÜFTİLƏRİMİZ

Müfti Tacuddin Mustafin
Qafqazın sünni İslam cərəyanına mənsub olan müsəlmanların ilk müftisini 1832-ci ildə çar generalı Roze təklif edib. Bu şəxs hərbi hissədə yenicə kapitan rütbəsini alan Tacuddin Mustafin idi. O, Kazan şəhərindən çar ordusunun kapitanı vəzifəsindən Tiflisə dəvət edilmişdi. Tacuddin Mustafin Şeyx Şamillə ümumi dil tapa bilmədiyi üçün az vaxtda hörmətini itirir və 1840-cı ildə vəzifəsindən azad edilir.
 

Müfti Osman Əfəndi Vəlizadə
Müfti Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Qolovinin təklifi ilə görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin oğlu Osman Əfəndi Vəlizadə Qafqazın (Zaqafqaziyanın) 2-ci müftisi təyin edilir. O, 1847-ci ildə vəfat edib.
 

Müfti Məhəmməd Əfəndi Müftizadə
Osman Əfəndi Vəlizadə vəfat etdikdən sonra onun yerinə oğlu Məhəmməd Əfəndi Müftizadə təyin edilir. Məhəmməd Əfəndi dövrünün ən nüfuzlu ilahiyyatçılarından biri olub. 1867-68-ci illərdə Şamaxıya gedib və orada Seyyid Əzim Şirvani ilə görüşüb. Məhəmməd Əfəndi Müftizadə 1847-ci ildən ömrünün axırınadək, yəni 1880-ci ilə kimi Tiflisdə Ruhani İdarəsində Qafqaz (Zaqafqaziya) sünni müsəlmanlarının müftisi vəzifəsini icra edib.
 

Müfti Əbdülhəmid Əfəndizadə

Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfəndizadənin dərs dediyi Şamaxı mədrəsəsinə daxil olub və burada Şərq dillərinə yiyələnib. Mədrəsə təhsilini bitirdikdən sonra əmisi ilə bir yerdə işləməyə başlayan Ə. Əfəndizadə maarif sahəsində gedikcə şöhrət qazanır. Əmisinin məsləhəti ilə o, 1849-cu il fevralın 22-də dövlət məktəbinə işə götürülür və şəriət müəllimi vəzifəsini icra edir. Ə. Əfəndizadə məkdəbdə işlədiyi zaman Azərbaycan, fars və ərəb dillərindən əlavə, fransız dilinin incəliklərini də şagirdlərə öyrədə bilib. Sonralar onun işlədiyi dövlət məktəbi müəyyən səbəblərə görə bağlanır. Ə. Əfəndizadə 1860-cı ilin əvvəlində Məkkənin ziyarət edib hacı titulunu qazanır. 1864-cü il yanvarın 16-da Şamaxı Ruhani İdarəsinə sədr və qazi təyin edilir. O, fəaliyyətinə görə canişinlik tərəfindən brilyant qaşlı üzüklə mükafatlandırılıb. Müfti Ə. Əfəndizadə 1872-ci il dekabrın əvvəllərində Qafqaz (Zaqafqaziya) Sünni Əhli İdarəsinin sədri vəzifəsinə təyin olunduğundan Tiflisə köçür. O, 1880-ci il dekabr ayının 10-da Tiflisdə vəfat edib.
 

Müfti Hüseyn Qayıbzadə
Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax qəzasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası - əmisi İbrahim Əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dillərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd Əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır. Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Qori müəllimlər seminariyasında işləyib. O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar - XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir. Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb. Bu çətin işdə özü əvvəlcə şəxsi nümunə göstərir və iki qızını Nigar və Cövhəri oxutdurur. O, 1883-cü ilin axırlarında müəllimlikdən azad edilərək Qafqaz müftisi təyin olunur və 1917-ci ilin martınadək bu vəzifədə çalışır. H. Qayıbzadə bir neçə məqalənin və kitabın müəllifi kimi də tanınır. O, müsəlman mədrəsəsində keçilmək üçün riyaziyyata dair "Məsaili-ammil-hesab" (Hesab ümumi məsələləri) və ana dilini təzə öyrənənlər üçün "Məbdəyi-təlimi-sibyan" (“Yeniyetmələr üçün başlanğıc") adlı dərs vəsaitləri də hazırlayıb. H. Qayıbzadə təkcə maarif sahəsində deyil, ədəbiyyatşünaslıq səhasində də xeyli işlər görüb. O, çoxlu atalar sözü, zərb-məsəllər, hikmətli sözlər toplayaraq 9 hissədən ibarət "Tövsiyyətnamə" kitabını yazıb. Eyni zamanda, XVIII-XIX əsrlərdə yaşamış 109 Azərbaycan şairinin əsərlərindən ibarət dörd cildlik antologiya tərtib edib. Yüksək imtiyazlara malik olan H. Qayıbovun sinəsini çoxlu çar orden və medalları bəzəyib. H. Qayıbzadə qızların yeni məktəblərdə təhsil almalarına təşəbbüs göstərərək, öz arvadı Səadət xanıma Qafqaz Qadınlarının Xeyriyyə Cəmiyyətində iştirak etməyə icazə verir, qızları Nigar (sonralar general Ə. Şıxlinskinin xanımı) və Gövhər xanımı (sonralar general Usubovun xanımı) rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurur. Nigar xanımın 1889-cu ildə, Gövhər xanım isə 1903-cü ildə həmin institutu qızıl medalla bitirirlər. Müfti Hüseyn Qayıbzadə 1917-ci ilin martında Tiflisdə vəfat edib. Onun vəfatından sonra çar üsuli-idarəsi dağıldığı üçün Qafqaz (Zaqafqaziya) Ruhani İdarəsi də öz funksiyasını itirir. Demək olar ki, respublikamızda da 1920-ci ildən 1944-cü ilə kimi müftilik vəzifəsi olmayıb.
 

Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə
1944-cü ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının növbəti (SSRİ tərkibində birinci) qurultayında Hacı İbrahim Əfəndi Əfəndizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini - Baş müfti seçilir və ömrünün sonuna (1956-cı ilə) kimi bu vəzifəni icra edir. O, ilahiyyat elminə mükəmməl bələd olan, dinin ayinlərini, şəriətin tələblərini yaxşı təbliğ edən din xadimi kimi ad qazanıb. Sülhü müdafiə etmiş, nüvə silahına qarşı Ümumdünya Sülh Şurasının çağırışlarını alqışlamış, ABŞ-ın Koreyaya hərbi müdaxiləsini pisləmiş, dindarları sülhə, əminamanlığa, halal zəhmətə səsləyib. Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə 1956-cı ildə vəfat edib.
 

Müfti Əsədulla Dibirov
Hacı İbrahim Əfəndi vəfat etdikdən sonra, 1956-cı ildə Zaqafqaziya müsəlmanlarının IV qurultayında Göyçay məscidinin imamı Əsədulla Dibirov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə müfti seçilir. O, 1959-cu ilə qədər bu vəzifəni icra edib. Çalışdığı müddətdə sünni və şiə dindarları arasında ayrı-seçkiliyi pisləyib, müsəlmanları həmişə birliyə və sülhə çağırıb.
 

Müfti Şərif Əfəndi Vəlizadə

Qafqaz (Zaqafqaziya) müsəlmanlarının V qurultayında (1960-cı il) Göyçay məscidinin imamı Şərif Əfəndi Vəlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini - müfti seçilir. Yaxşı dini məlumata və nitq qabiliyyətinə malik olan Şərif Əfəndi daim müasirləşmənin tərəfdarı olub. O, deyib: "Köhnəlmiş dini tələbləri təzələməsək dinimiz əldən gedər, dindarlar bizdən üz döndərər". Ateizm təbliğatına müqavimət göstərməyin tərəfdarı olub. O, ateizmi "məscidin günbəzinə dəyib kənara düşən" qoza bənzədib. Müfti Şərif Əfəndi 1966-cı ildə vəfat edib.
 

Müfti Əhməd Əfəndi Bozgəziyev

1968-ci ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının VI qurultayında yüksək dini savada malik olan Əhməd Əfəndi Bozgəziyev Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini - müfti seçilir. O, mütaliə ilə məşğul olub dini baxışları müasir elmə isnad edərək əsaslandırmağı sevən bir insan olub. Orucluğun müalicəvi əhəmiyyətindən bəhs edən moizələrlə məscidlərdə çıxışlar edərək insanları mübarək Ramazan ayının fəziləti ilə bağlı maarifləndirməyə çalışıb. İslamın sosial ehkamlarını izah etməyə çalışıb, müasir dövlət quruluşunu ilkin müsəlman icmasının oxşarı hesab edib. Dini tələblərə ciddi əməl olunmasını əsas vacib şərt sayıb. Zahirən təkəbbürlü göründüyünə görə, dindarlar arasında bir o qədər də nüfuza malik olmayıb. Buna görə də, 1969-cu ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Müfti Əhməd Əfəndi Bozgəziyev müftilikdən kənar edilib.
 

Müfti Hacı İsmayıl Əhmədov  
Müfti Hacı İsmayıl Əhmədov 1907-ci ildə Şəkidə anadan olub. 1916-18-ci illərdə Şəki ibtidai məktəbində, sonra şəhər məktəbində oxuyub. 1923-30-cu illərdə mədrəsə təhsili alıb. 1941-45-ci illərdə Vətən müharibəsinin iştirakçısı olub, bir çox orden və medallarla təltif olunub. 1945-67-ci illərdə Şəki şəhər məişət kombinatında işləyən Hacı İsmayıl sonralar Bakıya köçüb və iki ilə yaxın "Hacı Əcdərbəy" məscidində (Göy məscid) mollalıq edib. 1969-cu ilin mayında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Hacı İsmayıl Əhmədov sədr müavini - müfti seçilir. Yüksək dini savadı olmayan yeni müfti öz mülayimliyi, dövlətə sadiqliyi ilə tanınırdı. Moizə etməyə o qədər də həvəsi olmayıb, lakin xoş rəftarına görə, sünni dindarların rəğbətini qazana bilib. Müfti Hacı İsmayıl Əhmədov 1970 və 1973-cü illərdə Məkkəyə gedərək, Kəbəni ziyarət edib. O, 1986-cı ildə vəfat edib.
 
 
 
 
 
 

Müfti Hacı Salman Əfəndi Musayev
Müfti Hacı Salman Musa oğlu Musayev 1958-ci ildə Gürcüstanın Dmanisi rayonunun Hamamlı kəndində fəhlə ailəsində anadan olub. Özbəkistanın Buxara şəhərindəki Mir Ərəb mədrəsəsini, Daşkənd İslam İnstitutunu və Liviyadakı İslama Çağırış Universitetini bitirib. Əvvəlcə Tbilisi "Cümə" məscidində imam-xətib, sonra Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin xarici əlaqələr şöbəsində referent vəzifəsini icra edib. Müfti Hacı Salman Əfəndi 1987-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini və müfti təyin edilir. 1989-cu il iyulun 25-də keçirilən Zaqafqaziya müsəlmanlarının IX qurultayında isə müfti dini rütbəsi təsdiq edilir. Müfti Hacı Salman Əfəndi müsəlmanlar arasında böyük hörmətə malikdir. Dünyanın əksər müsəlman ölkələrində keçirilən ali məclislərin iştirakçısı olub. Qazandığı hörmət və nüfuzuna görə, uzun müddət "Hacı Əjdərbəy" məscidinin imam-xətib vəzifəsi ona həvalə olunub. Dəfələrlə Məkkə ziyarətində olan Müfti Hacı Salman Əfəndi hal-hazırda bu vəzifəni icra edir.