ŞEYXÜLİSLAMLARIMIZ

Şeyxülislamlıq institutunun yaranma tarixi
 
Şeyxülislamlıq institutunun yaranma tarixinin kökləri çox qədimlərə gedir və təqribən min illik bir dövrü əhatə edir. Şeyxülislam – İslam rəhbəri və ya ağsaqqalı mənasını özündə ehtiva edir. Məşhur İslam alimi Rağib əl-İsfəhani Qurani-Kərimdə şeyx sözünün yaşlı insan, müdrik ağsaqqal mənalarını ifadə etdiyini göstərir və dediklərini sübuta yetirmək məqsədilə aşağıdakı ayələri misal gətirir: “Onun çox qoca bir atası vardır” (“Yusif”, 78); “Atamız ixtiyar bir qocadır” (“Qəsəs”, 23).
İslam dini yeni yaranan dövrlərdə tayfa və nəsil başçılarına aid edilən şeyx ifadəsi İslamın bərqərarından sonra daha dərin biliyə malik olanlara, ilahiyyat sahəsində böyük nüfuz sahiblərinə şamil olunmağa başlandı. X əsrdən etibarən isə bu məfhum bir qədər də təkmilləşdi.
İslam dininin inkişafı və geniş əraziləri əhatə etməsi şeyxülislamlıq təsisatının yaradılmasını zəruri etdi. Burada çətin və ziddiyyətli fiqh problemləri, İslam hökmləri, şəriət qaydaları ilə bağlı məsələlər həll edilir, cəmiyyət üçün əhəmiyyət kəsb edən bir çox önəmli tədbirlər şeyxülislamın xeyir-duası ilə həyata keçirilirdi. Artıq şeyxülislam cəmiyyətin həyatında mühüm rol oynayır, insanlar arasında münasibətlərin ədalətli şəkildə tənzimlənməsində təsirli amil kimi çıxış edirdi.
Müsəlmanlar arasında yüksək məqam sahibi olmaq üçün şeyxülislam dini sahədə dərin bilik, savad və erudisiyaya, möminlər arasında isə güclü nüfuz, hörmət və ehtirama sahib olmalı idi. Şeyxülislamı digər din adamlarından fərqləndirən əsas xüsusiyyət onun öz biliyini bir məscidin, bir şəhərin, bir icmanın maraqları baxımından deyil, bütövlükdə Allaha, Vətənə və xalqa xidmət naminə tətbiq etməsi idi.
XIV-XV əsrlərdə şeyxülislam müstəqil bir şəxs idi, yəni bu və ya digər məsələni həll edərkən heç kəsdən asılı olmayaraq müctəhid kimi sərbəst şəkildə fikir yürüdür, yalnız Quran və şəriət hökmlərindən çıxış edir, qərəz güdmədən ümumi işin, əmin-amanlığın və ictimai sabitliyin xeyrinə hökm çıxarırdı.
XVI əsrdə Osmanlı sultanlarının hakimiyyəti dövründə şeyxülislamlar dövlət idarəçiliyi və qanunların tənzimlənməsində daha böyük rol oynamağa başladılar.
Orta əsrlərdə Azərbaycanda da şeyxülislamlıq institutu mühüm rol oynamışdı. Təbriz, Dərbənd və s. şəhərlərin şeyxülislamları mötəbər, hörmətli din xadimləri sayılır, molla, qazı və haciblərə göstərişlər verirdilər.
Beləliklə, şeyxülislam adı fəqihlərə (şəriət hüququ mütəxəssislərinə), ilahiyyatçılara və ali ruhani xadimlərə verilən fəxri tituldur.
XIX əsrin əvvəllərindən Cənubi Qafqazda işlədilən bu ad rus imperatoru tərəfindən şiə icmasının başçısına verilirdi. Türkmənçay müqaviləsindən sonra Azərbaycanın şimal hissəsini öz təsir dairəsinə alan çar Rusiyası Qafqazda dini məsələlərə nəzarət üçün 1823-cü ildə başçı kimi şiə təriqətinə şeyxülislam, 1832-ci ildə isə sünni təriqətinə müfti vəzifələrini təsis etdi. Həmin dövrdən Cənubi Qafqazda şiə müsəlmanlarının dini lideri şeyxülislam adlandırıldı. XX əsrin əvvəllərindən isə şeyxülislam Cənubi Qafqazın bütün müsəlmanlarına rəhbərlik edən dini lider kimi fəaliyyət göstərməyə başladı.
1918-1920-ci illərdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətində “Məşixət-i İslamiyyə” İdarəsinin başçısı “şeyxülislam” adlanırdı. Həmçinin, şeyxülislam 1921-ci ildən 1991-ci ilə qədər keçmiş SSRİ-də Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin, 1991-ci ildən bu günə qədər Azərbaycan Respublikasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) başçısına verilən addır.
Qeyd edək ki, 1823-cü ildən bu günə kimi Qafqazda 12 şeyxülislam olmuşdur. 1980-ci ildən Qafqazın şeyxülislamı Allahşükür Paşazadə həzrətləridir.
--
 
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə
1823-cü ildə Qafqaz (Zaqafqaziya) şiələrinə (dini) başçılıq etmək üçün Rusiya imperiyası tərəfindən təsis edilən ilk şeyxülislam rütbəsinə Axund Məhəmmədəli Hüseynzadə təyin edilib. O, Azərbaycanın görkəmli publisisti, rəssam və yazıçısı Əlibəy Hüseynzadənin ana tərəfdən babasıdır. Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə 1852-ci ilə kimi Qafqaz (Zaqafqaziya) Ali Ruhani İdarəsinə rəhbərlik edib. Dini idarə o zaman Qafqazın iqtisadi və siyasi mərkəzi olan Tiflis şəhərində yerləşirdi.
 

Şeyxülislam Fazil İrəvani
Şeyxülislam Fazil İrəvani haqqında yazılı sənəd tapa bilmədiyimiz üçün ətraflı məlumat verə bilmirik. Bəzi məlumatlara görə, o, 1847-1852-ci illərdə İrəvanda şeyxülislam olub.
 

Şeyxülislam Axund Əhməd Hüseynzadə
Şeyxülislam Məhəmmədəli Hüseynzadə 1852-ci ildə vəfat etdikdən sonra həmin vəzifəyə onun oğlu Axund Əhməd Hüseynzadə (Səlyani) təyin edilir. Görkəmli ilahiyyatçı kimi tanınan bu şəxs ərəb və fars dillərini mükəmməl bilib. Çoxlu dini məzmunlu əsərləri ilə yanaşı ədəbiyyat, tarix , tərbiyə məsələlərindən bəhs edən sanballı elmi kitabların da müəllifi olub. Onun kitabları böyük tirajla nəşr olunub. O, 1884-cü ilə kimi şeyxülislam vəzifəsini icra edib.
 

Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə

XIX əsrdə yaşamış Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə dövrünün qabaqcıl maarifçisi, elm və din xadimi idi. Şərq və Avropa mədəniyyətinə mükəmməl bələd olan alimin adı bütün Qafqazda hörmətlə çəkilərdi. Şeyxülislam Axund Mirzə Həsən 1837-ci ildə Şuşada anadan olub, ilk təhsilini ailədə, sonra isə Şuşa qəza məktəbində alıb. Elm və maarif həvəskarı olan Mirzə Həsən ali ruhani təhsil almaq üçün Təbrizə göndərilib, burada ərəb, fars, tatar və türk dillərinə yiyələnib. Təhsilini başa vurandan sonra ona dini məktəb açmağa icazə verilib. O, məktəbin müdiri və müəllimi kimi geniş fəaliyyət göstərib. Bir müddətdən sonra "Axund" rütbəsi alan Mirzə Həsən vətənə qayıdıb və Cəbrayıl qəzasının Qarğabazar kəndində məktəb açıb, uşaqlara dərs deyib. Şeyxülislam Axund Mirzə Həsən 1878-ci ildə Peterburq Universitetinin fars dili və ədəbiyyatı kafedrasına müəllim kimi işə başlayır. O, 1885-ci ildə Qafqaz şeyxülislamı və Şiə Ruhani İdarəsinin sədri təyin edilir. Bütün həyatı boyu öz xalqının mənafeyi naminə çalışan Şeyxülislam Axund Mirzə Həsən ömrünün sonunadək (1894-cü ilədək) bu vəzifəni icra edir.
 

Şeyxülislam Axund Əbdüssəlam Axundzadə
Şeyxülislam Axund Əbdüssəlam Axundzadə 1895-ci ildən 1907-ci ilə kimi Qafqaz (Zaqafqaziya) müsəlmanlarının şeyxülislamı vəzifəsini icra edib. O, dini ədəbiyyatın yayılmasına çox kömək edib, eyni zamanda dinə və şəriətə dair bir sıra kitablar yazaraq nəşr etdirib. Onun üç cildlik "Tarixi-müqəddəs-ənbiya","Risaleyi-Zübtədül əhkam" kitablarında müsəlmanların dini tələblərə uyğun olan itaətkar həyat tərzi təbliğ edilir. Onun Müsəlman birliyinə aid rəvayətləri və yazıları da mövcuddur. Çar höküməti onu 1907-ci il noyabrın 18-də Qafqaz (Zaqafqaziya) Şiə Ruhani İdarəsinin sədri seçərək, ona şeyxülislam və mülki müşavir rütbəsi verib. O, dəfələrlə çar ordenlərinə layiq görülüb. Şeyxülislam Axund Əbdüssəlam Axundzadə 1907-ci ildə vəfat edib.
 

Şeyxülislam Hacı Məmmədhəsən Mövlazadə Şəkavi

Azərbaycanın görkəmli elm və maarif xadimi, İslamın mahir bilicisi, məhşur din xadimi Şeyxülislam Hacı Məmmədhəsən Mövlazadə Şəkavi 1853-cü ildə Şəkidə Gəncəli məhəlləsində anadan olub. M.Mövlazadə əvvəlcə Şəki mollaxanasında, sonra isə Gəncə mədrəsəsində dini və dünyəvi təhsil alıb. O vaxt Tiflisdə çıxan rusdilli qaynaqlardan bəlli olur ki, M.Mövlazadə dərin savada, Quranı avazla oxumaqda qeyri-adi istedada malik bir insan kimi tanınıb. O, əvvəlcə Tiflisdəki Müsəlman Ruhani məktəbində, sonra isə İranda ali dini təhsil alıb. Tiflisə qayıtdıqdan sonra orada - şeyxülislam məktəbində şəriət və fiqhdən dərs deyib. Şeyxülislam M.Mövlazadə İraqa, İrana və Səudiyyə Ərəbistanına səfərlər edərək, biliyini daha da təklimlləşdirib. Dərin biliyə malik olan Hacı Məmmədhəsən Tiflisdə Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarə heyətinin üzvü seçilib. Bundan sonra o, bir sıra ali ruhani vəzifələrdə işləyib. Axund rütbəsi alan Hacı Məmmədhəsən bir müddət qazi, 1907-ci ildən 1909-cü ilədək (Şeyxülislam Əhdüssəlam Axundzadənin vəfatından sonra) şeyxülislam əvəzçisi olub. M. Mövlazadə ərəb, fars və türk dillərini mükəmməl bildiyi üçün Şərq ədəbiyyatı və tarixini dərindən öyrənməyə müvəffəq olub. Yuxarıda adları çəkilən dillərdə bir sıra kitabların müəllifidir. Onun "kitabü-əl-Bəyan, fitəfsiril-Quran" kitabı 1991-ci ildə Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin təşəbbüsü ilə Bakıda İslam əlifbası ilə nəşr olunub. Şeyxülislam Hacı Məmmədhəsən Mövlazadə Şəkavi 1932-ci ildə Tiflisdə vəfat edib.
 

Şeyxülislam Axund Məhəmməd Fərəcullah Pişnamazzadə   
Şeyxülislam Axund Əbdüssəlam Axundzadə vəfat etdikdən sonra şeyxülislam vəzifəsini icra edən və 1909 - cu ilə kimi Yelizavetpol (Gəncə) quberniya məclisinin sədri olan Axund Fərəcullah Pişnamazzadə 6 il müddətinə bu vəzifəyə təsdiq edilib. Lakin o, bu müddət ərzində rus dilini öyrəndikdən və imperiyaya sadiqliyini göstərdikdən sonra, yalnız 1915 -ci il yanvarın 14-də çoxdan əvəzçilik üzrə icra etdiyi Şeyxülislam vəzifəsinə təsdiq edilib. O, 1918-ci ilin fevralınadək bu vəzifəni icra etmişdir.
 
 
 
 
 
 
 
 
 
 
 

Şeyxülislam Axund Ağa Əlizadə    
Onun əsil adı Zeynalabidindir. Ali ruhanilik təhsilini başa vurub vətəninə qayıtdıqdan sonra xalq arasında ona Molla Ağa Axund deyərdilər. O, 1827-ci ildə Bakının Pirşağı kəndində, tanınmış ruhani Axund Molla Cavadın ailəsində dünyaya göz açıb. Axund Molla Cavad dörd oğlunun dördünü də ruhani, üləma kimi görmək istəyirdi. Bu məqsədlə o, Bakı şəhərinə köçür, keçmiş Aşağı Priyutski küçəsində (sonralar Kamo adlanan, hal-hazırda S.Rəhimov) özünə üç mərtəbəli, yaraşıqlı bir bina tikdirir. Qardaşlarından dərin zəkası ilə fərqlənən Zeynalabidini atası mollaxanaya qoyur. Mədrəsə təhsilini başa vurduqdan sonra o, ali ruhani təhsil almaqdan ötrü Ərəbistana gedir və Bağdad əyalətinin Nəcəfül-Əşrəf şəhərində təhsilini davam etdirir. Yaxın Şərqdə yerləşən ali ruhani ocaqlarının müdavimləri ali ruhanilik rütbəsi almaqla bərabər, xüsusi bir ixtisasa da malik olurdular. Zeynalabidin də ali ruhani olmaqla bərabər təbabət elmini seçmişdi. 1896-cı ildə təhsilini başa vuran Zeynalabidin "Axund" rütbəsi ilə Bakı şəhərinə qayıdır. Qafqazın (Zaqafqaziya) şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin və Bakı qazisinin vəkaləti ilə onu "Təzə Pir" məscidinə axund təyin edirlər. Molla Ağa Axund 1899-cu ildən 1927-ci ilə kimi müxtəlif ruhani vəzifələrə seçki yolu ilə seçilib. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin elan olunmasından sonra Azərbaycan hökumətinin qarşısında belə bir məsələ durur: Tiflis şəhərində yerləşən Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsi Bakı şəhərinə köçürülməli və 1917-ci ildə ləğv edilmiş şeyxülislamlıq vəzifəsi təsis olunmalıdır. Beləliklə, 1918-ci ilin əvvəlində Ruhani İdarəsi Bakıya köçürüldü və Axund Molla Ağa Əlizadə ən yüksək ruhani rütbəsi olan şeyxülislamlığa yeganə namizəd oldu. O, eyni zamanda Məvarayi-Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri idi. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra din xadimlərinə qarşı hücumlar başlandı. Onları düşmən kimi tamamilə rədd və inkar etməyə başladılar. Yuxarıdan verilən hökmlər nəticəsində ağına-bozuna baxmadan bütün din xadimlərini quruluşa zidd qüvvələr kimi hər yerdən qovur, onlara müftəxor damğası vurur, hətta sinfi düşmən kimi məhv edirdilər. Həmin dövrdə Ağa Axund da hücum və təqiblərə məruz qalırdı. Böyük Vətən müharibəsi illərində (1941-1945) əvvəllər ləğv edilmiş Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsi, nəhəyat bu müharibənin dəhşətlərinin dinin qüvvəsi ilə unudulmasını başa düşən bir qrup rəhbərin təklifi ilə (Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi) SSRİ ALİ Soveti Rəyasət Həyətinin 14 aprel 1944-cü il tarixli 17 saylı qərarı ilə 24 ildən sonra yenidən bərpa edildi. 1944-cü il mayın 25-28-də Zaqafqaziya müsəlmanlarının 1-ci qurultayı oldu. Qurultayda Axund Ağa Əlizadə ikinci dəfə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri seçildi. Qurultayda Axund Ağa Əlizadəyə yenidən şeyxülislam dini rütbəsi verildi. İdarə sədri ata-baba mülkündə (indiki Süleyman Rəhimov küçəsindəki 70 saylı binada) yerləşdirildi. O, həmin vəzifəni ömrünün sonuna - 1954-cü ilə kimi icra edib.
 

Şeyxülislam Axund Şeyx Möhsüm Həkimzadə  
 
Şeyx Möhsüm Həkimzadə 1882-ci ildə Şamaxı şəhərinin İmamlı məhəlləsində mötəbər din xadimi Şeyx Əlinin müqəddəs ocağında dünyaya gəlmişdı. Anası seyyidə Mina Mirtahir qızı Şamaxının  ən tanınmış seyyidlər nəslindən idi.
Balaca Möhsüm mollaxanada oxuyana qədər ilk dini savadını evdə atası Şeyx Əlidən alır. 14 yaşında atasını itirən Möhsüm anasının xeyir-duası ilə əvvəl İranın Məşhəd, sonra Nəcəf şəhərində təhsilini davam etdirir. Məşhur üləmaların, görkəmli din xadimlərinin qarşısında imtahan verib əvvəlcə axundluq sonra şeyx rütbəsinə layiq görülür.
1914-cü ildə Şamaxıya qayıdan sayılıb-seçilən din xadimi olan şeyx Möhsüm Həkimzadə 32 yaşında Zaqafqaziya Şeyxülislamının sərəncamı ilə Şamaxı şəhəri “İmamlı” məhəllə məscidinin axundu vəzifəsinə təyin olunur.
1918-ci ildə Stepan Şamuyanın başçılığı ilə daşnak dəstəsi, Şamaxıda tarixdə görünməmiş qırğınlar törədirlər. Şamaxı əhli, o cümlədən Şeyx Möhsüm anası ilə birlikdə qaçaraq Sabirabad şəhərində məskunlaşır. Bir müddətdən sonra Sabirabad səhəri “Şamaxı” məscidinin axundu vəzifəsinə təyin olunur. Bu ərəfədə Şamaxıdan qaçqın olan Kərbəlayi Abdulhüseynin qızı Məlaikə xanımla ailə qurur. Bu izdivacdan onun altı övladı – üç oğlu və üç qızı olur.
1920-ci il bolşevik işğalı, din xadimlərinə qarşı repressiya illərində həbsdən və qırğınlar Şeyx Möhsümdən yan keçmir. Bir neçə dəfə həbs olunur, lakin sübutlar olmadığından həbsdən azad olur. Artıq din xadimi kimi fəaliyyətini dayandırır Bakıya köçür və adi vətəndaş həyatı yaşayır.
1944-cü il 14 aprelində SSRİ Ali sovetinin Rəyasət Heyətinin qərarı çıxır. Həmin qərara əsasən din xadimlərinə və etiqadlara verilir. 1920-ci ildə ləğv olunan Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bərpa olunur.
Axund Molla Ağa Əlizadə ikinci dəfə olaraq Zaqafqaziya Ruhani İdarəsinin sədri Şeyxülislam vəzifəsinə təyin olunur. Onun birinci müavini vəzifəsini Şeyx Möhsüm Həkimzadə icra edir. Vəzifə bölgüsünə görə təhsil, maliyyə və təsərrüfat işləri tapşırılır.
1954-cü ildə Zaqafqaziya Müsəlmanlarının qurultayı “Böyük yolun başlanğıcı” çağırılır. Qurultayda Özbəkistan, Qazaxıstan və SSRİ-nin digər Respublika və muxtar vilayətlərindən olan din xadimləri iştirak edirlər.
Qurultayın qərarı ilə Şeyx Möhsüm yekdilliklə Şeyxülislam seçilir, o Azərbaycanın II Şeyxülislamı eyni zamanda ümumdünya Sülh Komitəsinin üzvü seçilir.
Şeyx Möhsüm şeyxülislamlıq  fəaliyyəti dövründə, represiya illərində din xadimi kimi fəaliyyətlərini dayandırılmış axudları, roizəxanları və digər din xadimlərini məscidlərə dəvət edir, onlara mənəvi qayaq olur, işlə təmin edirdi. Məsələn, “Əjdər” məscidinin axundu Molla Ağababa, Göyçay məscidinin axundu Şeyx Nəsrullah və başqaları kimi.
Gəncə şəhərində “İmamzadə” türbəsi, Nardaranda “Hökümə” xanım türbəsinin daş yazılarını oxuyub, onların həqiqi Pirlər olduğunu sübut etmişdi, fəaliyyətlərini bərpa etməsinə nail olmuşdur.
“Təzə Pir” məscidinin əsaslı təmiri, məscidin həyətində Mədrəsə binasının tikilməsinə nail olmuşdu. Amma mədrəsənin fəaliyyətinə icazə verilmədi. Bir müddətdən sonra həmin binada Qafqaz Müsəlmanları İdarəsi yerləşdirildi.
 
Şeyxülislam Axund Şeyx Möhsüm
Şeyx Əli oğlu Həkimzadə
Möhsüm Şeyx Əli oğlu Həkimzadə  1882-ci  ildə Azərbaycanın  qədim mədəniyyət mərkəzlərindən olan Şamaxının İmamlı məhəlləsində, tanınmış din xadimlərindən olan Şeyx Əlinin  ailəsində  dünyaya  göz  açmışdır.
Xorasanda və Nəcəfdə ali ruhani təhsil alan Şeyx Əli Şamaxıda “İmamlı” məscidinin axundu, həmçinin şəhərdə fəaliyyət göstərən şiə icmasının rəhbəri idi.
İbtidai təhsilini öz evində atası Şeyx Əlidən alan Möhsümün çalışqanlığı, iti zəkası, Quran ayələrini tez bir zamanda əzbərləməsi çoxlarının diqqətini cəlb edirdi. Mollaxanada təhsilini başa vurandan sonra ərəb və fars dillərini mükəmməl öyrənən Şeyx Möhsüm ali ruhani təhsil almaq üçün İranın Məşhəd şəhərinə yollanır. Burada yeddi il mükəmməl təhsil alan Möhsüm Həkimzadə Xorasanın məşhur üləmaları, görkəmli din xadimləri qarşısında müvəffəqiyyətlə  imtahan  verib  əvvəlcə  axundluq,  sonralar  isə şeyxlik rütbəsinə layiq görülür. 1914-cü ildə İrandan Şamaxıya qayıdanda dövrünün sayılıb-seçilən din xadimlərindən olan Şeyx Möhsüm Həkimzadənin artıq 32 yaşı vardı. Şamaxıya böyük ümidlərlə və arzularla dönən Şeyx Möhsüm üçün ağrılı hadisə atasının ölümü olur.
Atasının ölümündən sonra Zaqafqaziya şeyxülislamının sərəncamı ilə Şamaxı şəhərinin “İmamlı” məscidinin axundu vəzifəsinə təyin edilən Şeyx Möhsüm Həkimzadə gördüyü işlərlə bütün şamaxılıların hörmətini qazanır.
1918-ci ildə Stepan Şaumyanın başçılığı ilə Stepan Lalayanın  qaniçən  dəstəsi  Şamaxıda  tarixdə  görünməyən  qırğınlar törədirlər. Şəhəri ələ keçirən daşnak cəlladları Şamaxını yerlə yeksan edirlər.
Böyük çətinliklərlə şəhərdən qaçmağı bacaran Şeyx Möhsüm anası ilə Sabirabadda məskunlaşır. Əhali arasında hörmətlə qarşılanan Şeyx Möhsüm ilahiyyat elminin mahir bilicisi kimi Sabirabad şəhər məscidinin axundu təyin edilir.
Bu ərəfədə  tanınmış  tacir  Kərbəlayi  Əbdülhüseynin  qızı Məleykə xanımla ailə qurur. Bu izdivacdan onun altı övladı – üç oğlu və üç qızı dünyaya gəlir.
1920-ci  il  aprelin  28-də Azərbaycanda  sovet  hakimiyyəti qurulduqdan sonra ziyalılara, xüsusilə də din xadimlərinə qarşı yönəlmış təzyiqlər Şeyx Möhsümdən də yan keçmir. Bir neçə dəfə qısamüddətli həbs olunur, ancaq əleyhinə heç bir sübut olmadığından azadlığa buraxılır. Beləliklə, din xadimi kimi fəaliyyətini dayandırıb Bakıya köçür və adi vətəndaş həyatı yaşayır.
1944-cü ilin 14 aprelində SSRİ Ali Soveti Rəyasət Heyətinin çıxardığı qərara əsasən, 1920-ci ildə ləğv edilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi yenidən bərpa olunur və Axund Ağa Əlizadə  ikinci  dəfə  Qafqaz  Müsəlmanları  Ruhani  İdarəsinin Şeyxülislamı təyin olunur.
Elə həmin ildə  Təzəpir  məscidində  Zaqafqaziya  müsəlman ruhaniləri və dindarları nümayəndələrinin I Qurultayı çağırılır. Qurultaya  Gürcüstan və İrəvanda  yaşayan  azərbaycanlılar dəvət olunur. Axund Ağa Əlizadə yeni Şeyxülislam və Şeyx Möhsüm Həkimzadə isə onun birinci müavini təyin olunur. O, bu vəzifədə 1954-cü ilə kimi çalışmışdır. Vəzifə bölgüsünə görə Şeyx Möhsüm maliyyə, təsərrüfat və təhsil işlərinə nəzarət edirdi. Vəzifəsi ilə əlaqədar Azərbaycanın bütün rayonlarında olan Şeyx Möhsüm məscidlərin təmir və bərpasını yoxlayır, işlərin icrasını nəzarət altında saxlayırdı. Onun ən böyük xidmətlərində biri Təzəpir məscidi nəzdində ruhanilik məktəbinin tikilməsi olmuşdur. Amma mədrəsənin fəaliyyətinə icazə verilmədi. Bir müddət sonra həmin binada Qafqaz Müsəlmanları İdarəsi yerləşdirildi.
Şeyxin təqdirəlayiq elmi fəaliyyəti də unudulmazdır. O, ilk dəfə  Gəncədəki  “İmamzadə”  və  Bakıdakı  “Nardaran”  pirinin daş  kitabələrinin  şəkilini  oxutdurmuş  və  elmi  cəhətdən  sübut etmişdir ki, bu müqəddəs yerlərdə İmam (ə) nəslindən olanlar dəfn olunmuşdur.
1954-cü il  dekabrın 15-də Şeyxülislam Axund Ağa Əlizadə vəfat edir. Axundun ölümündən sonra Zaqafqaziya müsəlmanlarının  “Böyük  yolun  başlanğıcı”  adlı  qurultayı  çağırılır.
Qurultayda  Özbəkistan,  Qazaxıstan  və  SSRİ-nin  digər  müsəlman respublika və muxtar vilayətlərindən olan din xadimləri iştirak edirdilər. Qurultayın yekun qərarı ilə Şeyx Möhsüm Həkimzadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şeyxülislamı təyin  edilir.  Ümumdünya  Sülh  Komitəsinin  üzvü  olan  Şeyx Möhsüm Həkimzadə dini ehkam, adət və ənənələrdə çox qətiyyətli idi.
1967-ci il sentyabr ayının 15-də Şeyx Möhsüm Həkimzadə əbədi olaraq gözlərini yumur. Şeyxin cənazəsi “Təzə Pir” məscidindən götürülür, Yasamal qəbirstanlığında dəfn olunur. Dəfndə SSRİ Respublikalarından gələn tanınmış şəxsiyyətlər, eləcə də ölkə məscidlərindən olan ruhanilər, şəhər əhalisi, xristian icma nümayəndələri iştirak edirdi. Dəfn böyük izdihamla müşayiət olundu, çıxış edənlərin hər biri Şeyxə rəhmət dilədi.
 
 
 
 
 
Şeyxülislam Molla Əliağa Süleymanzadə  
Şeyxülislam Axund Şeyxmöhsün Həkimzadənin vəfatından sonra iki il həmin vəzifə boş qalır. Yalnız 1968-ci ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının 4-cü qurultayında bu vəzifəyə Bakının "Təzə Pir" məscidinin axundu Molla Əliağa Süleymanzadə seçilir. Şeyxülislam Molla Əliağa Süleymanzadə çox mülayim xasiyyətli, Sovet quruluşuna hörmətlə yanaşan, xarici qonaqlarla söhbətlərində, habelə məscidlərdəki moizələrində daim xeyirxahlığı və sülhü təbliğ edən bir din xadimi olub. O, yaxşı ilahiyyat alimi olmasına baxmayaraq, natiqlik qabiliyyəti və səsi olmadığından dini təbliğ etməkdə çətinlik çəkirdi; fəqət, dindarlar ona paklığına və sakit təbiətli olmasına görə hörmət edirdilər. Şeyxülislam Molla Əliağa Süleymanzadə ömrünün sonuna - 1976-cı ilə kimi Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri vəzifəsini icra edib.
 
 
 
 
 
 
Şeyxülislam Axund Mirqəzənfər İbrahimov    
Molla Əliağa Süleymanzadənin vəfatından sonra Zaqafqaziya müsəlmanlarının 1977-ci ildə çağırılmış 7-ci qurultayında Göyçay məscidinin axundu Mirqəzənfər İbrahimov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yeni sədri - şeyxülislam seçilir. Kamil dini biliyi olmayan, öz dilavərliyi ilə tanınan, lakin mövcud olan sosialist gerçəkliyinə real yanaşan, dindarları fanatizmdən çəkindirməyə çalışan Mirqəzənfər İbrahimov 1980-ci ildə vəfat etmişdir.
 
 
 
 
 
 
 
 
 
Şeyxülislam Allahşükür Paşazadə
Tərcümeyi-halı oxu