QMİ kitabxanası

1918-ci ilin dekabrında Zaqafqaziya Müsəlmanları Ruhani Idarəsi Tiflisdən Bakıya köçürüldü. 1823-cü ildən 1918-ci ilə qədər Tiflisdə fəaliyyət göstərən İdarə Bakıya köçərkən öz arxiv və kitabxanasını gətirməyə imkan tapmadı. Çünki 1920-ci ilin aprelində 11-ci rus ordusu Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoydu. 1920-ci ilin mayında bolşevik hökuməti Ruhani İdarəsinin fəaliyyətinə qadağa qoydu. Dini ədəbiyyatın kütləvi şəkildə məhv edilməsinə başlanıldı. 1944-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yenidən fəaliyyətə başladı. Çox təəssüflər olsun ki, 80-ci illərə qədər İdarə öz kitabxanasını yarada bilmədi. Bunun bir çox səbəbləri var idi. Bu işə ən çox mane olan sovet rejiminin özü idi. 80-ci illərin ortalarından başlayaraq Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bütün maneələrə baxmayaraq, fəaliyyətini xeyli genişləndirə bildi. İdarə rəhbərliyi mövcud kitabları bir yerə toplamaq üçün ilk cəhdləri göstərdi. Doğrudur, Qurani-Kərimi açıq şəkildə saxlamaq qadağan olsa da İdarənin rəhbərliyi müqəddəs kitabların toplanması istiqamətində gizli fəaliyyətə başladı. İdarə rəhbərliyi Qafqazda ayrı-ayrı adamlarda saxlanan dini kitabların toplanmasında böyük uğur qazandı. Bu işdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi sədri Şeyxülislam Allahşükür Paşazadənin əvəzsiz xidmətləri olmuşdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə Təzəpir məscidi əsaslı şəkildə təmir etdirilərək dindarların istifadəsinə verildi. Həmin vaxtı idarənin inzibati binasında geniş və müasir tələblərə cavab verən kitabxana təşkil edildi. 2009-cu ildən başlayaraq kitabxana minlərlə oxucu qəbul etmiş və bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirir.
Kitabxanada XVII əsrin sonu – XVIII əsrin əvvəllərinə dair çox qiymətli əlyazmalar saxlanılır. Kitabxana fondunda daşbasma, qurğuşuntökmə üsulu ilə çap olunmuş və əlyazma şəklində olan 7300 (yeddi min üç yüz) qədim kitab mühafizə olunur. Hal-hazırda kitabxanada Azərbaycan, türk, ərəb, fars, ingilis və başqa dillərdə çap olunan 10 min nüsxə kitab saxlanılır. Kitabxanada həmçinin gözdən əlil olanlar üçün kitab fondu təşkil olunmuşdu.
Qafqaz Müsəlmanları Idarəsinin kitabxanası xarici ölkələrdə nəşr olunmuş Quran, təfsir, hədis, elmi-dini, bədii, astronomiya, tarix, coğrafiya, filologiya sahələrini əhatə edən, o cümlədən dünya əhəmiyyətli mədəniyyət xəzinəsidir.
Elektron kataloqun tərtibi, oxucuların qeydiyyatı, kitab fondunun komplektləşdirilməsi, qədim kitabların bərpa edilməsi kitabxananın əsas işləri sırasına aiddir. Kitabxananın fəaliyyəti xarici ölkə kitabxanaları ilə təcrübə mübadiləsi sayəsində təkmilləşdirilir. Kitabxana əməkdaşları iki ildir ki, Türkiyə Respublikasının Konya şəhərində təcrübə mübadiləsində olur. Türkiyədə xüsusi təcrübə əldə edən kitabxana əməkdaşları ən qədim kitabları uğurlu şəkildə bərpa etməyə nail olmuşlar. Bu istiqamətdə işlər davam etdirilir.
2009-cu ildən fəaliyyətə başlayan kitabxana internet sistemi ilə tam təsis edilmişdi. Kitabxanada elmi-dini verilişlərin çəkilişi üçün mini studiya fəaliyyət göstərir.
Memarlıq baxımında Şərq üslubunda inşa edilmiş, müasir texniki standartlara uyğun təchiz edilmiş kitabxana İdarə, eləcə də müxtəlif elm və təhsil müəssisələrinin əməkdaşlarının elmi-mədəni, intellektual və mənəvi mərkəzi olmaqla yanaşı, xarici ölkələrdən İdarəyə rəsmi səfərlərə gələn qonaqların ziyarət etdiyi əsas məkandır.