Şeyxülislam Türkiyənin yeni təyin olunmuş Diyanət İşləri Başkanını təbrik etdi. 18.09.2017

 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Türkiyənin yeni təyin olunmuş Diyanət İşləri Başkanına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
 
“Hörmətli Əli Erbaş həzrətləri,
Qardaş Türkiyə dövlətinin Sizə göstərdiyi böyük etimadın əlaməti olaraq Diyanət İşləri Başqanlığına təyin olunmanız barədə xəbəri böyük sevinc və məmnuniyyət hissilə qarşıladım.
Uca Allaha şükürlər olsun ki, dili və dini bir olan, bir millət – iki dövlət anlayışı ilə yaşayan Azərbaycan və Türkiyə həyatın bütün sahələrində, o cümlədən dini-mənəvi sahədə də hər zaman eyni mövqedən çıxış edib və etməyə davam edir. Əminəm ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Diyanət İşləri Başqanlığının şanlı əməkdaşlıq tarixi Sizin verəcəyiniz önəmli töhfələrlə bundan sonra daha da zənginləşəcək, qurumlarımız arasındakı fikir birliyi, qarşılıqlı ehtiram və anlayış daha da dərinləşəcəkdir. Ulu Tanrının izni ilə yaxın bir zamanda dəyərli Şəxsinizlə bir araya gələrək gələcəkdə atacağımız birgə addımları müzakirə edəcəyimizi ümid edirəm.
Allah Taala Sizə qardaş Türkiyə Cumhuriyyətinin və Türk xalqının çiçəklənməsi və rifahı naminə, bütün İslam ümmətinin işıqlı gələcəyi naminə səylərinizdə, tutduğunuz şərəfli və məsuliyyətli vəzifənizdə kömək olsun!”
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 107