QMİ sədri İran prezidentini təbrik edib. 24.05.2017

 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Prezidenti məqamına yenidən seçilmiş cənab Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.
 
Məktubda deyilir:
 
Möhtərəm cənab Ruhani!
 
Sizi İran İslam Respublikasının Prezidenti məqamına seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Zati-alilərinizə Uca Allahdan ən xoş arzularımı diləyirəm.
Dost və qardaş İran xalqının böyük əksəriyyətinin etimadını bir daha  qazanmağınız bizi də ürəkdən sevindirir. Belə ki, Sizi İran İslam Respublikasının inkişafı üçün böyük işlər görmüş, maraq və mənafelərinin müdafiəsi işinə töhfələr vermiş görkəmli dövlət xadimi, dini dəyərlərimizin ardıcıl təəssübkeşi olaraq tanıyırıq. Sizin Azərbaycana səfərlərinizi məmnunluqla xatırlayır, cənabınızla qardaş görüşlərimizi yüksək dəyərləndirirəm.
Əminəm ki, Siz, malik olduğunuz zəngin dövlətçilik təcrübəsi və cənabınıza xas müdriklik sayəsində İran İslam Respublikasının qarşıdakı illərdə də inkişaf edərək daha böyük uğurlara imza atmasına, dünya miqyasında mövqelərini daha da möhkəmlətməsinə nail olacaqsınız.
Həmçinin, əminəm ki, Siz, inşallah, İran və Azərbaycan xalqları və dövlətləri arasında dostluq, qardaşlıq və mənəvi birliyin dərinləşməsi, ümumi mənafe və dəyərlər naminə daha da möhkəmlənməsi üçün səylərinizi əsirgəməyəcəksiniz.  Qardaş dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də əlaqələrin inkişaf etdirilməsi, ən yüksək səviyyəsinin bərqərar edilməsi ümdə istəyimizdir. Əmin ola bilərsiniz ki, Şeyxülislam olaraq, bu yolda həmişə olduğu kimi, bundan sonra da əlimdən gələni əsirgəməyəjəyəm.
Sizi bir daha təbrik edir, Zati-alilərinizə Allah-Təaladan uğurlar, yeni nailiyyətlər arzulayır, qardaş İran xalqının rifah və səadəti naminə fəaliyyətinizə rəvac diləyirik. Allah köməyiniz olsun!
 
             Dərin ehtiramla
Şeyxülislam
Allahşükür PAŞAZADƏ
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 71