Ümumi məlumat

Qafqaz Müsəlmanları İdarəsi 1959-cu ildə qeydiyyata alınmış Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bazasında yaradılmışdır, onun öhdəliklərinin daşıyıcısı və hüquqi varisidir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) regionda - Azərbaycan Respublikasında, Ermənistan Respublikasında, Gürcüstan Respublikasında, Rusiya Federassiyasının Şimali Qafqaz (Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniya) ərazisində yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzidir.
Azərbaycan Respublikasında təşkilat məsələlərində İslam dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər.
QMİ-yə həmçinin başqa ərazilərdə yaşayan müsəlmanların dini qurumları birləşə bilərlər. Belə dini qurumlarla QMİ-nin münasibətləri qarşılıqlı razılıq üzrə həyata keçirilir.
QMİ Qurani-Kərimin tələb və müddəalarını, Peyğəmbər (s) hədislərini əsas tutaraq, bütün şəri və öz səlahiyyətləri daxilində dini icmaların təşkilati məsələlərinin həllini təmin etmək, onların fəaliyyətlərinə nəzarət etmək və fəaliyyətlərini əlaqələndirmək, məzhəb ayrı-seçkiliyinə yol verməmək məqsədi daşıyır.
QMİ dünya dinlərinin beynəlxalq və ərazi təşkilatları ilə xeyirxah münasibətlər saxlayır, milli, irqi, dini ayrı-seçkiliyə yol vermir, başqa dinlərin və millətlərin adət-ənənələrinə hörmətlə yanaşır.
QMİ öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasının, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, başqa normativ-hüquqi aktların müddəaları və öz Nizamnaməsi əsasında həyata keçirir. QMİ başqa dövlətlərdə fəaliyyətini həmin dövlətlərin qanunlarına hörmət və riayət etməklə həyata keçirir.
QMİ və onun qurumları siyasi fəaliyyət göstərmir və öz binalarında siyasi tədbirlər keçirilməsinə yol vermirlər.
Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların din xadimi kimi fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır.
QMİ dövlət qeydiyyatına alındığı vaxtdan qeyri-kommersiya hüquqi şəxs statusuna malikdir.
1980-ci ildən etibarən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləridir.
QMİ-nin mərkəzi iqamətgahı Bakı şəhəri, M. Fətəli küçəsi, 7 ünvanında yerləşir.

Oxunub : 495