Çar Rusiyası dövründə

Çar Rusiyası XIX əsrin birinci yarısında bütün Qafqazı işğal etdi. Lakin çarizmin Qafqazı işğal etmək siyasəti torpaqların ilhaqı və yerli idarəçiliyin ləğvi ilə bitmədi. Çarizm Qafqazda öz qayda-qanunlarını bərqərar etmək, xristianlığı yaymaq, bölgədə İslamın oynadığı mühüm rolu mümkün qədər məhdudlaşdırmaq siyasəti yürütməyə başladı. Bu siyasət Qafqazın hər yerində ciddi müqavimətlə qarşılandı, xristian Rusiyasına qarşı cihada çağırışlar eşidilməyə başlandı. Rus işğalına qarşı çıxış edən başlıca qüvvə məhz cəmiyyətin savadlı və mütəşəkkil hissəsini təşkil edən müsəlman ruhaniləri oldu. Azərbaycanın əksər bölgələrində, o cümlədən, Lənkəran, Şuşa, Quba və Nuxada rus işğalına və İslam dininə qarşı həyata keçirilən zorakılığa etiraz olaraq üsyanlar baş verdi. Bu səbəbdən çarizm müsəlman ruhanilərinin gücü ilə hesablaşmaq, cəmiyyətin əxlaqi məsələləri və məişətinə ciddi təsir göstərə bilən, müstəqil sosial-siyasi qüvvə olan bu xüsusi zümrəyə olan münasibətdə və onlara yönəlik yeritdiyi siyasi xətdə dəyişikliklər etmək məcburiyyətində qaldı.
Çarizm İslam dini və müsəlman ruhaniləri ilə bağlı siyasətini ehtiyatla həyata keçirməyə başladı. Bununla da mütləqiyyət üsul-idarəsi İslamın nüfuz dairəsini məhdudlaşdırmaq, xristianlığı müsəlmanların yaşadığı ərazilərdə yaymaq, müsəlman ruhanilərə məqsədyönlü şəkildə təzyiqlər göstərərək dini-siyasi fəallıqlarını neytrallaşdırmaq və onlarla əməkdaşlıq əlaqəsinə girərək nüfuzlarından imperiyanın mənafeyi naminə faydalanmaq istəyirdi. Buna görə də çarizm Qafqazda İslam və müsəlman ruhaniliyinin nüfuzu ilə barışmaq məcburiyyətində qalaraq 1823-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsini və şeyxülislam vəzifəsini təsis etdi. Tiflis axundu Məhəmməd Əli Hüseynzadə Qafqazın şeyxülislamı təyin edildi. Həmin tarixdən etibarən Qafqazın bütün şeyxülislamları Azərbaycandan oldu.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi tərkibinə Şimali Azərbaycan, Qərbi Azərbaycan, Qars, Ərdəhan, Batum, Krasnodar, Terek və Gürcüstan ərazilərində yaşayan müsəlman əhali daxil idi.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi qısa vaxtda müsəlman əhalinin maraqlarını təmin edən xeyli iş gördü. Çarizm bunu hiss edən kimi İslamda məzhəb ayrı-seçkiliyini qabartmaq üçün 1832-ci ildə İdarədə Qafqazın müftisi vəzifəsini təsis etdi.
Beləliklə, XIX əsrin 30-cu illərində Tiflisdə Qafqaz müsəlmanlarının iki idarəsi - şeyxülislamın başçılıq etdiyi şiə və müftinin rəhbərlik etdiyi sünni ruhani idarələri fəaliyyətə başladı. İdarələrdən hər birinin tərkibi on nəfərdən ibarət idi. Hər bir idarəyə hüquqi cəhətdən dörd məclis – Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı məclisləri tabe idi. Şiə idarəsinin 20, sünni idarəsinin isə 16 qazısı var idi.
Bu dövrdə şeyxülislam və müfti çarın Qafqaz canişini tərəfindən təyin edilir, ruhani idarələrin fəaliyyəti isə çarizm üsulu-idarəsi tərəfindən istiqamətləndirilirdi. Bunlar dövlət idarəsinin bir qolu sayılır, ruhanilər də çar məmurlarına bərabər tutulurdu.
İslam ideologiyasını imperiyanın səadəti naminə xeyirxah istiqamətə yönəltmək məqsədilə çarizm Qafqaz şiə və sünni ruhanilərinin idarə olunması haqqında xüsusi nizamnamə elan etdi. Həmin nizamnaməyə görə, buraya şiəlikdə şeyxülislamlar, qazilər və axundlar, sünnilikdə isə müftilər, imam-xətiblər, əfəndilər, habelə hər iki cərəyana daxil olan sıravi mollalar, müəzzinlər, İslam dininin müxtəlif məddahları, seyidlər, mürşidlər və b. daxil idi.
Cənubi Qafqaz şiə və sünni müsəlman ruhani idarələrinin təsis edilməsi
Çar II Aleksandrın kiçik qardaşı Mixail Nikolayeviç Romanovun Qafqaz canişinliyi dövründə (1862-1882) Cənubi Qafqaz müsəlman ruhanilik institutunun təşkili istiqamətində işlər sürətləndirildi və nəhayət, öz həllini tapdı.
1864-cü ilin sonunda Şeyxülislam Axund Əhməd Hüseynzadə və Müfti Məhəmmədzadə Baş İdarənin vitse-direktoru Bulatovun sədrliyi ilə yaradılan xüsusi komissiyanın tərkibinə daxil edildilər. Komissiyanın hazırladığı layihədə müsəlman ruhaniliyinin iyerarxik quruluşunun müəyyənləşdirilməsi nəzərdə tutulurdu. Ruhani idarələrində təmsil olunacaq din xadimləri dərəcələrə bölünürdü. Aşağı dərəcəyə vəzifələri dini mərasimləri icra etməkdən və məscid məktəblərində təhsil verməkdən ibarət olan məscid mollaları aid edilirdilər. Məscid ruhaniliyinin idarə olunması ikinci dərəcəyə aid edilən mahal qazılarına həvalə olunurdu. Üçüncü dərəcəni dairə qazıları təşkil edirdilər. Ali dini dərəcəyə şiələrdə şeyxülislam, sünnilərdə müfti aid edilirdilər. Onlar ruhani idarələrinə başçılıq edirdilər. İdarələrin fəaliyyətinə hökumət nəzarətini həyata keçirmək üçün prokuror nəzarəti statusunda xüsusi nəzarət qurumu təsis edilmişdi.
Aşağı dərəcəyə aid edilən ruhanilərin seçilməsi, ali dərəcəyə aid edilənlərin isə təyin edilməsi nəzərdə tutulurdu.
Başda şiələrdə şeyxülislam, sünnilərdə müfti olmaqla Zaqafqaziya müsəlmanları ruhani idarələri təşkil edildi. Hər iki dini rəhbərə fətva vermək hüququ verilirdi.
Nəhayət, çar II Aleksandrın 5 aprel 1872-ci il tarixli fərmanı ilə “Cənubi Qafqaz Şiə və Sünni Məzhəbləri Müsəlman Ruhani İdarələri haqqında” Əsasnamələr təsdiq edildi. Beləliklə, Cənubi Qafqazda müsəlmanların iki dini idarəsi - Şiə və Sünni Ruhani İdarələri təsis edildi. Bu əsasnamələr əsaslı dəyişiklikliyə uğramadan 1917-ci ilin fevralına kimi qüvvədə qaldı.
Bununla da çar hökumətinin Azərbaycanda müsəlman ruhaniliyinin təşkili istiqamətində XIX yüzilliyin 20-ci illərinin sonlarından başlanan fəaliyyəti yalnız 40 ildən sonra özünün məntiqi nəticəsini tapdı.

Oxunub : 277