SSRİ dövründə

Sovet işğalından sonra bolşevik-kommunist hakimiyyətinin dinə münasibəti fonunda dini təsisatların fəaliyyəti dayandırıldı. Bir çox din xadimi, alim və müctəhid sürgün edildi, bəziləri isə repressiyalara məruz qaldı. Məscidlər anbar və müəssisələrə çevrildi, müqəddəs kitablar yandırıldı, dini hər vəchlə unutdurmaq, insanları dini köklərindən ayrı salmaq yönündə ciddi-cəhdlə səylər göstərildi. Kremlin bu sərt siyasəti II Dünya müharibəsi illərinədək davam etdi.
1940-cı illərdə mövcud dini vəziyyətə nəzarəti effektiv həyata keçirmək, eləcə də ağır müharibə illərində dindar əhali arasında rəğbət hissi qazanmaq üçün hökumətin din siyasətində müəyyən islahatlar aparıldı. Həmin dövrdə dini idarələrin formalaşdırılması labüd hesab edildi. 1943 -1944-cü illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarları ilə SSRİ-dəki müsəlman obyektlərinə və ruhanilərinə əməli rəhbərlik etmək üçün aşağıdakı müstəqil müsəlman ruhani idarələri yaradıldı:
1. SSRİ-nin Avropa hissəsi və Sibir Müsəlmanlarının Ruhani İdarəsi (Ufa şəhərində);
2. Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi (Daşkənd şəhərində);
3. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi (Bakı şəhərində);
4. Şimali Qafqaz və Dağıstan Müsəlmanları Ruhani İdarəsi (Mahaçqala şəhərində).
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi SSRİ Ali Soveti Rəyasət heyətinin 14 aprel 1944-cü il tarixli 17 nömrəli qərarı ilə təşkil edildi.
1944-cü il mayın 25 - 28-də Zaqafqaziya Müsəlmanlarının I Qurultayı oldu. Qurultay Axund Ağa Əlizadəni Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin (ZMRİ) sədri seçdi və ona şeyxülislam dini rütbəsi verildi. ZMRİ-nin yaradılmasından məqsəd Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarında yaşayan müsəlmanlara və bu respublikalardakı məscidlərə dini rəhbərlik idi.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin mahiyyət etibarilə tamamilə yeni bir istiqamətdə qurulmuş təşkilat olduğunu xüsusi vurğulamaq lazımdır. Belə ki, hələ çar hökuməti dövründən dini idarələr burada sünni və şiə olmaqla iki müstəqil, bir-birindən ayrı qurumlar kimi fəaliyyət göstərirdilər. 1944-cü ilin may ayında təsis edilən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılarkən Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, hər iki müsəlman dini cərəyanlarına mənsub olan dini təsisatlara, məscidlərə, din xadimlərinə dini rəhbərlik vahid idarə tərəfindən birgə həyata keçirildi. Zaqafqaziyada yaşayan müsəlmanların şiə və sünni məzhəblərinə mənsub dindarların miqdar nisbəti nəzərə alınaraq bu təşkilatın idarə heyətinin 7 üzvündən 4-ü şiə, 3-ü isə sünni məzhəbinin nümayəndələri seçildi. İdarənin sədri vəzifəsini çoxluq təşkil edən şiələrin nümayəndəsi tutdu və ona şeyxülislam rütbəsi verildi. Sünnilərin nümayəndəsi isə idarə sədrinin müavini vəzifəsini tutaraq müfti rütbəsi aldı.
1980-ci ildən etibarən Şeyxülislam Allahşükür Paşazadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri vəzifəsinə seçildi. Şeyxülislam həzrətlərinin sədr seçilməsi QMİ-nin fəaliyyətini gücləndirdi və idarənin ölkə miqyasında nüfuzunun artmasına səbəb oldu. Təsadüfi deyil ki, Şeyxülislam Allahşükür Paşazadə 1989-cu ildə SSRİ Ali Sovetinin xalq deputatı, 1990-cı ildə isə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçildi. Şeyxülislam həzrətlərinin təşəbbüsü ilə QMİ-nin fəaliyyət dairəsi genişləndirildi, ilk dəfə olaraq Azərbaycanda dini təhsil müəssisəsi – Bakı İslam Mədrəsəsi yaradıldı, tezliklə həmin mədrəsənin əsasında Bakı İslam Universiteti təsis edildi. Respublikanın bütün bölgələrində yeni məscidlər inşa edilməyə başlandı, yüzlərlə yeni dini icma fəaliyyətə başladı.

Oxunub : 240