.:: qafqazislam.com ::. Qafqaz Müsəlmanları İdarəsi
TARİX
Qafqaz Müsəlmanları İdarəsi 1959-cu ildə qeydiyyata alınmış Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bazasında yaradılmışdır, onun öhdəliklərinin daşıyıcısı və hüquqi varisidir.
Çar Rusiyası XIX əsrin birinci yarısında bütün Qafqazı işğal etdi. Lakin çarizmin Qafqazı işğal etmək siyasəti torpaqların ilhaqı və yerli idarəçiliyin ləğvi ilə bitmədi. Çarizm Qafqazda öz qayda-qanunlarını bərqərar etmək, xristianlığı yaymaq, bölgədə İslamın oynadığı mühüm rolu mümkün qədər məhdudlaşdırmaq siyasəti yürütməyə başladı.
1918-ci il 28 may günü Tiflisdə Milli Şura Azərbaycan istiqlalını elan edən zaman Cənubi Qafqaz Şiə və Sünni Ruhani İdarələri də bu şəhərdə yerləşirdi. Qafqazda müstəqil dövlətlərin yaradılması və bu dövlətlər arasında mövcud münasibətlər region müsəlmanlarının vahid dini idarədə birləşməsini demək olar ki, mümkünsüz edirdi. Ona görə də Azərbaycan hökuməti Cənubi Qafqaz ruhani idarələrinin Azərbaycana, Gəncə şəhərinə köçürülməsini məqsədəuyğun hesab etdi.
Sovet işğalından sonra bolşevik-kommunist hakimiyyətinin dinə münasibəti fonunda dini təsisatların fəaliyyəti dayandırıldı. Bir çox din xadimi, alim və müctəhid sürgün edildi, bəziləri isə repressiyalara məruz qaldı. Məscidlər anbar və müəssisələrə çevrildi, müqəddəs kitablar yandırıldı, dini hər vəchlə unutdurmaq, insanları dini köklərindən ayrı salmaq yönündə ciddi-cəhdlə səylər göstərildi. Kremlin bu sərt siyasəti II Dünya müharibəsi illərinədək davam etdi.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etdikdən sonra dinlə bağlı kifayət qədər geniş məzmunlu qanunlar, o cümlədən “Dini etiqad azadlığı haqqında” qanun qəbul edildi. 1995-ci ildə qüvvəyə minən yeni Konstitusiyada isə dövlət-din münasibətləri təsbit edildi.
  • ƏVVƏL
  • 1
  • SONRA