Bolonya arxiyepiskopu: Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri üçün yaradılan şərait təqdirəlayiqdir

 
15.09.2021
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyada keçirilən “G20 VIII Dinlərarası Forum” zamanı Bolonya arxiyepiskopu kardinal Matteo Zuppi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə şeyxülislam Allahşükür Paşazadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqın yenilməz iradəsi ilə ölkəmizin öz ərazi bütövlüyünü bərpa etdiyini deyib. QMİ sədri Qarabağ münaqişəsinə son qoyulmasına baxmayaraq, hələ də həmin ərazilərdə düşmən tərəfindən basdırılmış minaların qaldığını qeyd edib, bunun vətəndaşlarımızın doğma dədə-baba torpaqlarına qayıtmalarına maneə yaratdığını bildirib. Şeyxülislam düşmənin həmin ərazilərdəki məscidləri tövləyə çevirdiyini, hətta İslamda haram buyurulan heyvanlar saxladığını, Ermənistanın Qarabağda 30 ilə yaxın davam edən hərbi təcavüz və işğal nəticəsində Azərbaycanın mədəni irsinə çox böyük ziyan vurduğunu deyib. O, Bolonya arxiyepiskopunu vəziyyətlə yerində tanış olmaq məqsədilə Azərbaycana səfərə dəvət edib.
Bolonya arxiyepiskopu kardinal Matteo Zuppi münaqişəyə Azərbaycan tərəfindən son qoyulmasından məmnunluğunu ifadə edib. O deyib: “Birgə yaşamağa yönələn təşəbbüsləri dəstəkləmək hər birimizin səylərindən olmalıdır. Hər birimiz qəddarlığa yol açan təşəbbüslərin qarşısının alınmasına səy göstərməliyik”.
M.Zuppi Azərbaycanın mədəni-maddi irsin qorunması ilə bağlı yanaşmasını yüksək qiymətləndirdiyini bildirib. Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri üçün yaradılan şəraitin təqdirəlayiq olduğunu deyib.
Bolonyanın dünyanın ən qədim universitet şəhərlərindən biri olduğunu bildirən kardinal Matteo Zuppi Bolonya Dövlət Universiteti ilə Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsini təklif edərək, gələcəkdə azərbaycanlı tələbələr üçün təqaüdlərin ayrılmasının mümkünlüyünü qeyd edib. O, həmçinin 2022-ci ildə Bolonya Universitetində dini fənlər fakültəsinin yaradılacağını bildirərək, azərbaycanlı müdavimlərin orada təhsil alacaqlarına ümidvar olduğunu vurğulayıb.
Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe Azərbaycanın işğaldan azad edilən ərazilərdə müxtəlif dinlərə məxsus məbəd və abidələrin bərpasını həyata keçirməsini təqdirəlayiq hal kimi qiymətləndirib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Vatikanda dünya və dini irsinin qorunması ilə bağlı səyləri xüsusi qeyd edib.
2020-ci ildə koronavirusla əlaqədar şeyxülislam başda olmaqla, Azərbaycanın dini konfessiyalarını təmsil edən nümayəndə heyətinin Vatikana səfərinin və Roma Papası I Fransisk ilə görüşünün təxirə salındığını bildirən X.Akaşe yaxın zamanda bu dəvətin yenilənəcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə də iştirak edib.
 
 

Oxunub : 3643